Yeni araşdırmanın nəticələrinə görə, musiqi alətində ifa etməyi öyrənmək sosial mediadan həddindən artıq istifadə edən gənclərdə diqqət dağınıqlığının qarşısını almağa və diqqəti artırmağa kömək edə bilər.
Valideynlər və müəllimlər sosial medianın diqqət müddətinin qısalmasına təsiri ilə bağlı narahatlıqlarını ifadə etdiyi bir vaxtda aparılan yeni tədqiqat göstərib ki, formal musiqi təhsili daha güclü diqqət və diqqəti uzun müddət qoruma bacarığı ilə birbaşa əlaqəlidir. Tədqiqatın nəticələri musiqi dərslərinin bu problemin həllində faydalı ola biləcəyini göstərir. “British Journal of Psychology” jurnalında dərc olunan araşdırmanın nəticələrinə əsasən, musiqi alətində ifa etməyi öyrənən uşaqlar və gənclər diqqət tələb edən tapşırıqları yerinə yetirərkən diqqətlərini daha az itirirlər.
Kanadadaki McMaster Universitetinin tədqiqatçısı Rafael Roman-Kaballero bildirib ki, musiqi təhsili yalnız mədəni və emosional həyatı zənginləşdirmir, eyni zamanda, diqqət və ayıqlıq kimi mühüm idrak bacarıqlarının inkişafına da töhfə verir. Araşdırmada yaşı 8-dən 34-ə qədər olan 268 nəfər iştirak edib. İştirakçılar musiqi təhsili alanlar və almayanlar olmaqla iki qrupa bölünüblər. Daha sonra onların diqqət səviyyəsini ölçmək üçün kompüter əsaslı tapşırıqlar yerinə yetirilib. Əsas tapşırıq zamanı iştirakçılar ekrandakı bir oxun sağa, yoxsa sola yönəldiyini müəyyən etməli və ətrafdakı digər oxların diqqətlərini yayındırmasına imkan verməməli idilər. Nəticələr göstərib ki, formal musiqi təhsili almış şəxslər musiqi dərsi keçməyənlərlə müqayisədə daha sürətli reaksiya verib və diqqətlərinin yayınma ehtimalı daha az olub.
Tədqiqatın nəticələri uşaqların həyatında sosial media platformalarının, videoməzmunların və smartfonların rolunun getdikcə artdığı bir dövrdə əldə olunub. Əvvəlki araşdırmalar isə bunun əksinə onu göstərib ki, bu fəaliyyətlər uşaqların diqqəti cəmləmə qabiliyyətini zəiflədə bilər.
Tədqiqatın müəllifləri hesab edirlər ki, ritm hissinin inkişafı, notların oxunması, texnikanın mənimsənilməsi və səhvlərin düzəldilməsi kimi prosesləri özündə birləşdirən musiqi təhsili diqqət zəifliyinin qarşısını almağa kömək edə bilər. Bununla belə, alimlər vurğulayırlar ki, əldə edilən nəticələr orta səviyyədədir və musiqi dərslərinin təkbaşına ciddi zehni transformasiya yaratdığı qənaətinə gəlmək doğru olmaz. Araşdırmada, həmçinin qeyd olunur ki, diqqət səviyyəsi daha yüksək olan şəxslər musiqi təhsili almağa daha çox meyilli ola bilər və bu da onların diqqət bacarıqlarını əlavə olaraq inkişaf etdirə bilər.
Müəlliflərin yekdil fikirlərinə əsasən, musiqi təhsili insanların idrak potensialını birbaşa dəyişdirməkdən daha çox, onların səy göstərmək və çətin tapşırıqlara motivasiya ilə yanaşmaq istəyini artıraraq performanslarına müsbət təsir göstərir.
Şahnigar Əhmədova, “İki sahil”