Dövlətimizin başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında bir daha bildirdi ki, otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq
Azərbaycan zəngin karbohidrogen ehtiyatları, Cənub Qaz Dəhlizi və bərpaolunan yaşıl enerji sahəsindəki qlobal layihələri ilə dünyanın, xüsusilə Avropanın enerji təhlükəsizliyinə strateji, davamlı töhfələr verməkdədir. Azərbaycanın enerji diplomatiyasının milli təhlükəsizliyə, regionda sabitliyin təminatına xidmət etməsi reallığı artıq təsdiqini tapıb. Azərbaycan təbii qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada ön sıralardadır. Cənub Qaz Dəhlizi vasitəsilə ixracın artırılması və Avropanın enerji xəritəsinin şaxələndirilməsi ölkəmizin etibarlı tərəfdaş imicini möhkəmləndirir.

Regionun enerji sahəsində mühüm hadisəsi olan, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən bəri keçirilən ənənəvi Bakı Enerji Həftəsi iyunun 1-dən öz işinə başladı. Tədbir həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biridir. Tədbir çərçivəsində təşkil edilən ənənəvi ikitərəfli işgüzar görüşlər zamanı yerli və xarici şirkətlərin nümayəndələri əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə etmək imkanı qazanırlar. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə etdilər. Bakı Enerji Həftəsi uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra Anlaşma memorandumlarının imzalanması ilə diqqətdə oldu. Tərəfdaş ölkə və şirkətlərlə birgə əməkdaşlıq formatında atılan bu addımlar ölkənin enerji təhlükəsizliyinin təmin olunması və yaşıl enerjiyə keçid istiqamətində mühüm rol oynayır. Forum çərçivəsində aparılan müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır.
Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”. Builki tədbirdə dünyanın 46 ölkəsindən 276 şirkət iştirak edir. Bu, ölkələrin sayına görə sərgi tarixində rekord göstəricidir. Almaniya və Rusiya Bakı Enerji Həftəsində milli pavilyonlarla təmsil olunurlar. Sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana yönəldir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı və çıxışı tədbirin yüksək statusa malik olduğunu təsdiqləyir.
Hər zaman qeyd etdiyimiz kimi, hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyü mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından xüsusi diqqət çəkir. Azərbaycan 31 ildir Beynəlxalq Neft və Qaz Sərgisinə ev sahibliyi edir. Əsas məqam hər il iştirakçı dövlətlərin say tərkibində artım, eyni zamanda, Azərbaycanın ötən bir ildə enerji sektorunda qazandığı uğurlarla diqqətdə olmasıdır. Ötən 31 ilin Azərbaycanın enerji sektorunda hansı uğurlarla yadda qaldığını bugünümüzün reallıqları təsdiqləyir. Çünki artıq Azərbaycan yaşıl enerjiyə keçiddən bəhs edir, özünün bərpaolunan enerji resurslarını dünyaya təqdim edir. Dövlət başçısı İlham Əliyev yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 2024-cü ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində qarşıda dayanan vəzifələri açıqlayarkən bildirdi ki, digər vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq. Artıq işlərə start verildi. Plana görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri yaradılmalıdır: «Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Biz iqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi vermiş olacağıq.»
Azərbaycan 2024-cü ildə COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi etdi. Builki Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışlarda, həmçinin keçirilən görüşlərdə də bu reallıqlar xüsusi diqqət yönəldildi. Dünyanın enerji gündəliyinin Azərbaycanda müzakirə edilməsi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olduğunu, öz təcrübəsini bu və ya digər ölkələrlə paylaşmağa maraq göstərdiyini açıqlayır.
Qeyd etdiyimiz kimi, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir tarixində yeni bir səhifə açdı. Tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, təşkil olunan ilk Xəzər Neft və Qaz Sərgisi ölkənin uzunmüddətli enerji strategiyasının təməlini qoydu, Azərbaycanı qlobal enerji sektorunda etibarlı və vacib tərəfdaş kimi təsdiqlədi. Son üç onillikdə Bakı Enerji Həftəsi regionun aparıcı beynəlxalq enerji platformalarından birinə çevrilərək dövlət başçılarını, nazirləri, qlobal enerji şirkətlərini, investorları və sənaye mütəxəssislərini enerji sənayesinin gələcəyini formalaşdıran əsas prioritetləri müzakirə etmək üçün bir araya gətirmişdir. Bu il keçirilən tədbirə gəldikdə, regional enerji əməkdaşlığına, enerji təhlükəsizliyinə və beynəlxalq bazarlara enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfələr verən əlamətdar bir inkişaf olan “Şahdəniz” layihəsinin 30-cu ildönümünü qeyd etdiyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Bu mərhələnin əhəmiyyəti cari ildə həyata keçirilən proqram və müzakirələrdə öz əksini tapır.

Bakı Enerji Həftəsinin açılış mərasimində Böyük Britaniyanın “ICA Events” şirkətinin İdarə Şurasının müşaviri Tomas Hord bildirdi ki, tədbir, həmçinin geniş beynəlxalq tədbirlər və yüksəksəviyyəli görüşlər proqramı ilə müşayiət olunur ki, bu da Azərbaycanın beynəlxalq dialoq, strateji tərəfdaşlıq və qlobal əməkdaşlıq üçün mühüm platforma kimi rolunu daha da gücləndirir.
Dövlət başçısı İlham Əliyev çıxışında “Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Haqlı olaraq bildirildi ki, dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb” söyləyərək onu da əlavə etdi ki, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı.
Bu tədbirin əhəmiyyəti ABŞ Prezidenti Donald Trampın məktubunda da öz əksini tapıb. Belə ki, Donald Tramp bildirir ki, 31-ci Bakı Enerji Həftəsi Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur. Ölkələrimiz karbohidrogen sektorunda uzun tarixi olan əməkdaşlığa malikdir və əlçatan, zəngin enerjinin təmin edilməsinə sadiqdirlər. Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır. Qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaqdır. O da qeyd edilir ki, biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq. Regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Cənab İlham Əliyev bu məqamı da xüsusi vurğuladı ki, ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız.

Azərbaycanın bugünkü uğurları keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Azərbaycan malik olduğu təbii resurslara və yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan tarixən neft ölkəsi kimi tanınır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsi, respublikamıza iqtisadi və siyasi dividend gətirən «Əsrin müqaviləsi»nin imzalanması illər keçdikcə ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsinə yol açan enerji layihələrini icra etməklə neftlə yanaşı, qaz ixracatçısı kimi də nüfuz qazandı. Bu layihələr Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 350 milyard dollardır. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır. Dövlət başçısı İlham Əliyev 31-ci Bakı Enerji Həftəsinin açılış mərasimində vurğuladı ki, qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək.
Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir. Cənab İlham Əliyev çıxışında, həmçinin qeyd etdi ki, bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.
Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugunkü uğurların əsasını təşkil edir. İqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu xüsusi vurğulayan dövlət başçısı İlham Əliyev bu mühüm məqamı diqqətə çatdırdı ki, biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı. 30 il işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik: “Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər.”
Şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində qətiyyət göstərən ölkəmiz davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiqdir. Qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayan Azərbaycan xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir. 2030-cu ilədək respublikamızın «yaşıl artım» ölkəsinə çevrilməsini və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək. Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonası üçün konseptual layihələr hazırlanıb, müasir dövrün tələbinə uyğun bərpaolunan enerji mənbələrindən ibarət unikal «yaşıl enerji» zonası konsepsiyasının yaradılması üçün nəzərdə tutulan layihələrin həlli istiqamətində işlər davam etdirilir. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində Azərbaycanın zəngin təbii resurslara malik olması «yaşıl artım» layihəsinin həlli üçün geniş imkanlar vəd edir.
Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə mənbə isə Azərbaycandır. Cənab İlham Əliyev Bakı Enerji Həftəsində vurğuladı ki, Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik: “Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Yeri gəlmişkən, bu gün bizdə bir neçə sənədin imzalanma mərasimi olacaq. Mən xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsini vurğulamaq istəyirəm, biz bunu belə adlandırırıq. Bu layihə üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəkdir.”
Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir. Ölkəmizin dünyanın enerji xəritəsində möhkəmlənən rolu daha da artacaq. Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji, təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə şöbəsinin rəhbəri Kristina Lobilla Borrero çıxışında vurğuladı ki, uzun illərdir bu forum enerji sektoru üçün vacib olan məsələləri gündəmə gətirir. Bunlar təkcə Xəzər regionu deyil, həm də Avropa və daha geniş beynəlxalq enerji birliyi üçün mühüm məsələlərdir. Bakının uzun və möhtəşəm enerji tarixi var. Bununla yanaşı, Bakı enerji tərəfdaşlıqlarının gələcəyinin müzakirə olunduğu bir məkandır. Avropa Komissiyası üçün bu görüş neft və qazın qlobal enerji təhlükəsizliyi, sənaye fəaliyyəti, nəqliyyat və enerji bazarlarının sabitliyində mühüm rol oynamağa davam etdiyi xüsusi bir vaxtda keçirilir. Azərbaycan və Xəzər regionu Avropanın enerji təchizatının etibarlılığını gücləndirməyə kömək edən Cənub Qaz Dəhlizi də daxil olmaqla bu səylərə əhəmiyyətli töhfə verib. Bu töhfə olduqca yüksək qiymətləndirilir. 2021-ci ildən etibarən Avropa İttifaqı Azərbaycandan təbii qaz idxalını 40 faizdən çox artırıb. Bu ilin yanvarında Trans-Adriatik boru kəməri ilə 1,2 milyard kubmetr həcmində qaz çatdırılıb. Bu da 2026-cı ildə əlavə qaz tədarükü deməkdir. O da qeyd edildi ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı bu ruhda - açıqlıq, praqmatizm, qarşılıqlı fayda, təhlükəsiz, əlverişli və getdikcə dayanıqlı enerji təmin etmək barədə ortaq öhdəliklə davam etdirmək istəyir.
Ənənəvi Bakı Enerji Həftəsi ötən bir ildə qazanılan uğurların təqdimatı olur. Təbii ki, görüləcək işlər də çoxdur. Hər bir beynəlxalq əhəmiyyətli tədbir birgə səylərin göstərilməsinə çağırışlar edir. Gələcək planlar açıqlanır. Hədəflər ölkəmizin malik olduğu imkanların, eyni zamanda, qarşılıqlı etimad mühitinin qorunması fonunda yeni əməkdaşlıq formatlarının yaradılmasına xidmət edir. Bu isə öz növbəsində iştirakçı ölkələrin iqtisadi imkanlarının davamlığının təmin edilməsində əsas faktordur. Bakı Enerji Həftəsi keçilən yola nəzər salaraq Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyini bir daha nümayiş etdirdi.
Yeganə Əliyeva, “İki sahil”