Günəşin daxilində yaranan səs dalğalarını təhlil edən alimlər gözlənilməz nəticələr əldə ediblər. Tədqiqatçılar bildirirlər ki, yeni araşdırma Günəşin daxili ritmində son 40 il ərzində mühüm dəyişikliklərin baş verdiyini göstərir. Bu ritm Yer kürəsi üzərindəki həyata təsir göstərə bilən kosmik hava şəraitinin formalaşmasında mühüm rol oynayır. Alimlərin fikrincə, Günəşdə baş verən prosesləri daha yaxşı anlamaq üçün əlavə tədqiqatlara ehtiyac var.
Məlumdur ki, Günəş təxminən 11 illik dövrlərlə daha aktiv və daha sakit mərhələlər arasında dəyişir. Aktiv dövrlərdə Günəş alışmaları və yüklü hissəcik axınları daha çox müşahidə olunur ki, bu da güclü günəş fırtınalarına səbəb ola bilər.
Araşdırma nəticəsində müəyyən olunub ki, Günəş yeni davranış mərhələsinə daxil olmuş ola bilər. Alimlər hesab edirlər ki, ənənəvi 11 illik dövrə əlavə olaraq, daha uzunmüddətli struktur dəyişiklikləri də Günəşin fəaliyyətinə təsir göstərir. Tədqiqatın nəticələri göstərib ki, Günəşin maqnit aktivliyi onun görünən səthinin dərhal altındakı təbəqədə cəmləşir və bu təbəqə zaman keçdikcə daha dayaz hala gəlir.
Birmingem Universitetinin alimi Bill Çaplin bildirib ki, Günəşin özünəməxsus “aktiv ritmi” kosmik havanı formalaşdıran maqnit aktivliyinin artıb-azalmasına səbəb olur. Lakin səthdə aparılan ənənəvi müşahidələr bütün mənzərəni əks etdirmir. Onun sözlərinə görə, Günəş onilliklər boyu davam edə biləcək fərqli davranış rejiminə keçmiş ola bilər.
Alimlər Günəşin aktivlik dövrlərində sistemli dəyişikliklərin baş verdiyinə dair sübutlar əldə ediblər. Ən diqqətçəkən məqam isə maqnit aktivliyinin hər yeni dövrdə səthə daha yaxın qatlarda cəmləşməsidir. Tədqiqatçılar Günəşin hazırkı aktivlik dövrünü və bu dövrə təsir edən daxili prosesləri daha yaxşı anlamaq üçün əlavə araşdırmaların vacibliyini vurğulayırlar.
Yale Universitetinin müəllimi Sarbani Basu qeyd edib ki, Günəşin daxili salınımları ilə səthinin aktivliyi arasındakı əlaqə son bir neçə dövr ərzində dəyişib. Onun sözlərinə görə, bu tendensiya yalnız maqnit sahələrinin zəifləməsi ilə izah edilə bilməz. Daha çox Günəşin maqnit aktivliyinin səthin altında saxlanılma mexanizmində struktur dəyişikliklərinin baş verdiyini göstərir.
Şahnigar Əhmədova, “İki sahil”