03 iyun 2026 15:46
76

Arıqlamaq üçün istifadə olunan preparatlar bu xəstəliyə faydalı imiş...

ABŞ alimləri müəyyən ediblər ki, arıqlamaq üçün istifadə olunan bəzi dərmanlar  oynaq qığırdaqlarının quruluşunun pozulmasına yol açan xəstəlik olan diz osteoartritində oynaq dəyişdirmə əməliyyatına ehtiyacı əhəmiyyətli dərəcədə azalda bilər.

“İki sahil” xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu BMJ tibb jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində diz osteoartriti diaqnozu qoyulmuş 6,8 milyon yetkin insanın məlumatları təhlil edilib. Nəticələr göstərib ki, GLP-1 sinfinə aid arıqlama preparatlarının qəbulu üç il ərzində diz oynağının dəyişdirilməsi əməliyyatı riskini 1,4%, səkkiz il ərzində isə 2,8% azaldır.

Araşdırmada əsasən semaqlutid və tirzepatid tərkibli dərmanlar qiymətləndirilib. Bu preparatlar Ozempic, Wegovy və Mounjaro ticarət adları ilə tanınır.

Alimlərin fikrincə, ən yüksək müsbət nəticə uzunmüddətli müalicə zamanı əldə edilir. Belə ki, preparatların üç il ərzində qəbulu diz oynağının dəyişdirilməsi ehtimalını təxminən 5% azalda bilir. Tədqiqat müəlliflərinin hesablamalarına görə, bu yanaşma tətbiq olunarsa, hər il ABŞ-da təxminən 14 400, Böyük Britaniyada isə 1 500-dən çox diz protezləşdirmə əməliyyatının qarşısını almaq mümkün ola bilər.

Bununla belə, mütəxəssislər ehtiyatlı olmağa çağırırlar. Onlar vurğulayırlar ki, sözügedən preparatlar hazırda osteoartritin müalicəsi üçün rəsmi şəkildə təsdiqlənməyib və bu məqsədlə yalnız klinik tədqiqatlar çərçivəsində istifadə olunur.

Osteoarthritis dünyada 500 milyondan çox insanı əhatə edir. Diz osteoartriti isə xəstəliyin ən geniş yayılmış forması hesab olunur. Mütəxəssislər bildirirlər ki, artıq çəki osteoartritin əsas risk faktorlarından biridir və hətta kiçik miqdarda çəki itkisi belə xəstələrin vəziyyətini yaxşılaşdıra, xəstəliyin inkişafını ləngidə bilər.

Bu nəticələr arıqlama preparatlarının yalnız çəki nəzarəti deyil, həm də oynaq sağlamlığının qorunması baxımından əlavə faydalar verə biləcəyini göstərir.