"Məhz bu xüsusiyyətlər məni cüdoya cəlb etdi və seçimimi müəyyənləşdirdi"
İdman insan həyatında yalnız fiziki inkişaf vasitəsi deyil, eyni zamanda, iradənin möhkəmləndiyi, xarakterin formalaşdığı və məqsədyönlülüyün əsas həyat prinsipinə çevrildiyi mühüm bir məktəbdir. Bu məktəbin ən çətin və eyni zamanda ən dəyərli istiqamətlərindən biri olan cüdo isə özünəməxsus fəlsəfəsi, yüksək intizam tələbi və davamlı inkişaf zərurəti ilə seçilir. Burada hər bir məşq prosesi, hər bir yarış və hər bir təcrübə idmançının həm peşəkar, həm də şəxsi formalaşmasında mühüm rol oynayır.
Müasir dövrdə Azərbaycan cüdosu beynəlxalq arenalarda qazandığı uğurlar və nümayiş etdirdiyi inkişaf dinamikası ilə diqqət mərkəzindədir. Bu nəticələrin arxasında dayanan əsas amillər isə yüksək peşəkarlıq, sistemli hazırlıq prosesi və idmançıların göstərdiyi əzmkarlıqdır.
Məhz bu idman mühitində formalaşan və Azərbaycan Cüdo üzrə Milli Komandasını təmsil edən Əhməd Yusifovun idman yolu xüsusi maraq doğurur. Onun təcrübəsi cüdonun yalnız yarışlardan ibarət olmadığını, eyni zamanda böyük zəhmət, psixoloji dayanıqlıq və davamlı inkişaf tələb edən bir həyat yolu olduğunu göstərir. Bu müsahibədə onun idmana gəlişi, seçdiyi yolun səbəbləri, karyerasında önəmli dönüş nöqtələri və gələcəyə dair planları ətraflı şəkildə təqdim olunacaq.
Əhməd Yusifov: Müasir cüdoda uğur qazanmaq üçün idmançı
ilk növbədə intizamlı, əzmkar, zəhmətkeş və səbirli olmalıdır
-Özünüzü oxucularımıza təqdim edərdiniz. Cüdoya gəlişiniz necə başlayıb?
-Mən cüdo üzrə Azərbaycan milli komandasının üzvü Əhməd Yusifovam. Cüdoya uşaqlıq illərimdən maraq göstərmişəm. Ailəmin və məşqçilərimin dəstəyi ilə bu idman növünə başlamışam və həmin vaxtdan etibarən özümü daim inkişaf etdirməyə çalışıram.

-İdmanın müxtəlif növləri arasında məhz cüdonu seçməyinizə nə səbəb oldu?
-Cüdo mənə həm maraqlı, həm də dinamik görünürdü. Bu idman növündə yalnız fiziki güc deyil, taktika və düşüncə də mühüm rol oynayır. Məhz bu xüsusiyyətlər məni cüdoya cəlb etdi və seçimimi müəyyənləşdirdi.
-Cüdo yalnız fiziki hazırlıq deyil, həm də xarakter, iradə və intizam məktəbi hesab olunur. Bu idman növü sizin şəxsiyyətinizdə hansı keyfiyyətləri formalaşdırıb?
-Cüdo məndə intizam, məsuliyyət, dözümlülük və özünəinam kimi vacib keyfiyyətləri formalaşdırıb. Eyni zamanda, rəqibə hörmət etməyi, çətinliklər qarşısında təslim olmamağı və daim öz üzərimdə işləməyi öyrədib.

-Hər bir idmançının karyerasında dönüş nöqtəsi sayılan xüsusi məqamlar olur. Sizin idman yolunuzda belə bir mərhələ hansı olub və bu təcrübə düşüncə tərzinizə necə təsir edib?
-İdman yolumda ilk böyük uğurlarım və beynəlxalq yarışlarda qazandığım nəticələr mənim üçün dönüş nöqtəsi olub. Bu nailiyyətlər öz gücümə daha çox inanmağıma, qarşıma daha böyük məqsədlər qoymağıma və uğura gedən yolun zəhmətdən keçdiyini daha dərindən dərk etməyimə səbəb olub.
-Müasir dövrdə rəqabətin getdikcə artdığı cüdo idmanında uğurlu nəticə əldə etmək üçün idmançı hansı xüsusiyyətlərə malik olmalıdır?
-Müasir cüdoda uğur qazanmaq üçün idmançı ilk növbədə intizamlı, əzmkar, zəhmətkeş və səbirli olmalıdır. Davamlı məşq etmək, öz üzərində işləmək, çətinliklərdən qorxmamaq və heç vaxt təslim olmamaq uğurun əsas şərtlərindəndir.
-Məğlubiyyətlər idman karyerasının ayrılmaz hissəsidir. Siz çətin məğlubiyyətlərdən sonra motivasiyanızı necə bərpa edirsiniz?
-Məğlubiyyətlərə təcrübənin bir hissəsi kimi baxıram. Hər uğursuzluqdan sonra səhvlərimi analiz edir, nəticə çıxarır və onları aradan qaldırmağa çalışıram. Bu yanaşma mənə daha güclü qayıtmağa və motivasiyamı qorumağa kömək edir.
-Yarış öncəsi həyəcanı idarə etmək üçün xüsusi üsullarınız varmı?
-Yarışdan əvvəl diqqətimi tam şəkildə qarşılaşmaya yönəldir, məşqçilərimin tövsiyələrinə əməl edir və özüməinamımı yüksək saxlamağa çalışıram. Bu da həyəcanı idarə etməyə və tatamiyə daha hazır çıxmağa kömək edir.

-Bu günə qədər iştirak etdiyiniz yarışlar arasında ən yaddaqalan qarşılaşmanız hansı olub və onu sizin üçün xüsusi edən nədir?
-İştirak etdiyim yarışlar arasında ən yaddaqalanlardan biri 2025-ci ildə böyüklər arasında keçirilən Avropa çempionatı olub. Həmin yarışda bürünc medal qazanaraq fəxri kürsüyə yüksəldim. Daha əvvəl yeniyetmələr və gənclər arasında uğurlar əldə etsəm də, böyüklər arasında Avropa çempionatında medal qazanmaq mənim üçün xüsusi əhəmiyyət daşıyırdı və unudulmaz hisslər yaşatdı.
-Beynəlxalq yarışlarda qazandığınız uğurlar və Azərbaycan bayrağını yüksəltmək hissi barədə nə deyə bilərsiniz?
-Beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək və ölkəmizin bayrağını yüksəltmək böyük qürur hissidir. Hər dəfə tatamiyə çıxanda ölkəmi layiqincə təmsil etməyə çalışıram. Qazandığım uğurların xalqımızı sevindirməsi isə mənim üçün əlavə motivasiya mənbəyidir.
-Karyeranız ərzində sizə ən böyük təsiri göstərən məşqçi və ya idmançı kim olub?
-Karyeram boyunca çalışdığım bütün məşqçilər inkişafımda mühüm rol oynayıblar. Onların dəstəyi, təcrübəsi və mənə olan inamı bu gün qazandığım nəticələrdə böyük pay sahibidir. Hər birindən fərqli dərslər və dəyərli təcrübələr əldə etmişəm.
-İdmançı həyatınızda sizi ən çox təsirləndirən və ya yaddaşınızda xüsusi yer tutan bir xatirəniz varmı? Onu bizimlə bölüşərdinizmi?
-Yaddaşımda xüsusi yer tutan xatirələrdən biri 2025-ci ildə böyüklər arasında Avropa çempionatında qazandığım bürünc medaldır. Həmin an illərlə çəkdiyim zəhmətin bəhrəsini gördüm. Bu uğur mənə gələcək yarışlar üçün daha böyük motivasiya verdi və qarşıma yeni məqsədlər qoymağa sövq etdi.

-Bu gün idmanla məşğul olmaq istəyən gənclərə və xüsusilə cüdo ilə maraqlanan uşaqlara hansı tövsiyələri vermək istərdiniz?
-Gənclərə tövsiyəm odur ki, məqsədlərindən heç vaxt vaz keçməsinlər. Uğur qazanmaq üçün səbirli olmaq, çox çalışmaq və özünə inanmaq lazımdır. İdman insanı həm fiziki, həm də mənəvi cəhətdən gücləndirir və həyatda qarşıya çıxan çətinliklərin öhdəsindən gəlməyə kömək edir.
-Gələcəklə bağlı hədəfləriniz və planlarınız nələrdir? Qarşıdakı illərdə özünüzü hansı zirvələrdə görürsünüz?
-Gələcəkdə daha böyük beynəlxalq yarışlarda uğur qazanmaq, Azərbaycanı ən yüksək səviyyədə təmsil etmək və yeni titullar əldə etmək istəyirəm. Ən böyük hədəflərimdən biri dünya və Olimpiya səviyyəsində yüksək nəticələr qazanaraq ölkəmə yeni uğurlar bəxş etməkdir. Mən bunun üçün var gücümlə çalışır və qarşıdakı illərdə daha böyük zirvələri fəth etməyi hədəfləyirəm.
Yaqut Ağaşahqızı “İki sahil”