04 iyun 2026 16:59
150

İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndəsi Almaniyada ISO/TC 174 Texniki Komitəsinin iclaslarında iştirak edib

İclaslarda qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları üzrə beynəlxalq standartlaşdırmanın aktual məsələləri müzakirə olunub, habelə gələcək əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktor müavini Rövşən Əmircanov Almaniya Federativ Respublikasının Berlin şəhərində keçirilən ISO/TC 174 Texniki Komitəsinin müxtəlif istiqamətlər üzrə işçi qrup iclaslarında iştirak edib.

“İki sahil” xəbər verir ki, sözügedən iclaslarda işçi qruplarının fəaliyyəti çərçivəsində görülmüş işlər, qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində beynəlxalq standartlaşdırma üzrə aktual məsələlər, hazırlanmaqda olan standart layihələri, habelə yenilənməsi nəzərdə tutulan mövcud standartlar müzakirə edilib. Eyni zamanda sahə üzrə müasir yanaşmalar və tətbiq mexanizmlərinə dair fikir mübadiləsi aparılıb. Bundan əlavə, zərgərlik məmulatlarının ölçüləri və funksional xüsusiyyətləri, istehlakçılara təqdim olunan ölçü məlumatlarının dəqiqliyi, qiymətli daşlar və əlaqəli məhsullara dair terminologiya, qiymətləndirmə meyarları, məlumatların açıqlanması prinsipləri, təsnifat, laborator yanaşmalar və beynəlxalq standartların tətbiqi məsələlərinə dair müzakirələr həyata keçirilib, standartlaşdırma sahəsində əməkdaşlıq məsələlərinə nəzər salınıb.