Müasir dövrdə enerji məsələləri artıq yalnız iqtisadi inkişafın mühüm amili kimi deyil, həm də beynəlxalq siyasətin, geostrateji münasibətlərin və qlobal təhlükəsizlik sisteminin əsas komponentlərindən biri kimi çıxış edir. Dünyada enerji resurslarına tələbatın artdığı mürəkkəb geosiyasi şəraitdə Azərbaycan etibarlı tərəfdaş və öhdəliklərinə sadiq ölkə kimi beynəlxalq nüfuzunu daha da möhkəmləndirməkdədir. Cənab Prezident İlham Əliyev tərəfindən aparılan uzaqgörən və məqsədyönlü enerji siyasəti nəticəsində ölkəmiz enerji ehtiyatlarını dünya bazarlarına təhlükəsiz, sabit və şaxələndirilmiş marşrutlar vasitəsilə çatdırmaqla qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq enerji gündəliyinin formalaşdırılmasında oynadığı mühüm rolun növbəti təsdiqidir:

“Artıq bu mötəbər tədbir yalnız enerji sektorunun nümayəndələrini bir araya gətirən platforma deyil, eyni zamanda qlobal enerji təhlükəsizliyi, investisiya əməkdaşlığı və yeni geoiqtisadi çağırışların müzakirə edildiyi strateji dialoq məkanına çevrilib. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, nüfuzlu şirkət rəhbərlərinin və beynəlxalq təşkilat nümayəndələrinin Bakıya toplaşması Azərbaycanın artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir. Bu, eyni zamanda Azərbaycanın yalnız enerji resurslarının ixracatçısı deyil, həm də beynəlxalq əməkdaşlığın təşviqinə, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və regional sabitliyin təmin olunmasına töhfə verən strateji tərəfdaş kimi qəbul olunduğunun təzahürüdür. Bu gün ölkəmiz Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı layihələr, xarici investorlarla qurulan tərəfdaşlıqlar, eləcə də Xəzər dənizinin yaşıl enerji potensialının beynəlxalq bazarlara çıxarılması istiqamətində atdığı addımları ilə enerji siyasətində yeni inkşaf mərhələsini müəyyən edir.”
S. Məmmədov qeyd edib ki, Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin enerji siyasətinin fəlsəfəsini, məqsədlərini və gələcək prioritetlərini əhatəli şəkildə ortaya qoydu:
“Dövlət başçısının çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolunun enerji strategiyası ilə ayrılmaz şəkildə bağlı olmasıdır. Vaxtilə mürəkkəb siyasi və iqtisadi problemlərlə üzləşən ölkəmiz bu gün güclü iqtisadiyyata, möhkəm maliyyə dayanıqlığına və beynəlxalq nüfuza malik dövlətə çevrilib. Bu uğurların təməlində isə milli maraqlara söykənən uzaqgörən siyasət, düzgün idarəçilik və təbii sərvətlərdən səmərəli istifadə dayanır. Eyni zamanda, Azərbaycanda həyata keçirilən enerji siyasətinin daha bir unikallığı ondan ibarətdir ki, bu ölkəmizdə enerji siyasətində balanslı yanaşma tətbiq olunur. Bir tərəfdən mövcud neft və qaz ehtiyatlarından səmərəli istifadə edilir, digər tərəfdən isə bərpa olunan enerji mənbələrinin inkişafına böyük investisiyalar yatırılır. Bu yanaşma Azərbaycanın həm ənənəvi enerji bazarlarında mövqeyini qorumasına, həm də qlobal yaşıl enerji gündəliyinin fəal iştirakçılarından birinə çevrilməsinə imkan yaradır. Günəş, külək və hidroenerji layihələrinin sürətlə inkişaf etdirilməsi Azərbaycanın gələcəkdə həm də bərpaolunan enerji ixrac edən dövlətlərdən birinə çevriləcəyini göstərir. Bu isə enerji siyasətimizin çevikliyini və uzunmüddətli strateji baxışa əsaslandığını nümayiş etdirir.”
Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - XİN
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində beş Azərbaycan vətəndaşı ölüb, üçü yaralanıb