İyunun 5-də Özbəkistanın Səmərqənd şəhərində Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu, Marmara Universiteti və Səmərqənd Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “100 İllik Vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı” keçirilib.
Qurultay 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda qəbul edilmiş, lakin dövrün siyasi şəraiti səbəbindən reallaşdırılması mümkün olmayan Səmərqənd Türkoloji Qurultayı ideyasının yüz il sonra həyata keçirilməsi məqsədilə təşkil olunub.
“İki sahil” AMEA Nəsimi adına Dilçilik İnstitutundan verilən məlumata istinadən bildirir ki, tədbirdə Türk dünyasının müxtəlif ölkələrindən alimlər, tədqiqatçılar, dilçilər və türkologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Qurultay çərçivəsində türk dillərinin aktual problemləri, ortaq dil və mədəni irsin qorunması, türkoloji tədqiqatların perspektivləri, eləcə də elmi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Qurultayın əsas məqsədi türk xalqları arasında elmi əlaqələrin möhkəmləndirilməsi, ortaq mədəni dəyərlərin akademik müstəvidə öyrənilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi olub.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Türk dilləri şöbəsinin müdiri professor ismayıl Kazımov, akademik Nizami Cəfərov , «Ədəbiyyat» qəzetinin baş redaktoru Azər Turan qurultyada iştirak ediblər.
Professor Nadir Məmmədli – “1926-cı il I Türkologiya Qurultayı: tarixi zəmində, arxiv sənədlərində və milli mətbuatda”, akademik Nizami Cəfərov “Azərbaycan türkləri Birinci Türkologiya Qurultayında” , professor İsmayıl Kazımov – “I Türkologiya Qurultayının türkologiyanın sonrakı dövrünə təsiri” adlı məruzələrlə çıxış ediblər.
Professor Nadir Məmmədli çıxışında qurultayın türk xalqlarının elmi-mədəni inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. O, çıxışında qurultayın türk xalqlarının elmi-mədəni inteqrasiyasında mühüm rol oynadığını diqqətə çatdırıb. Məruzədə tədbirin tarixi əhəmiyyəti, arxiv sənədləri və dövrün milli mətbuat materialları əsasında geniş təhlil olunub. Professor qurultayın Azərbaycan elmi fikir tarixində xüsusi yer tutduğunu və onun irsinin bu gün də aktuallığını qoruduğunu diqqətə çatdırıb.
Nadir Məmmədli vurğulayıb ki, türkoloji araşdırmaların inkişafı, türk dillərinin öyrənilməsi və qorunması, ortaq elmi layihələrin həyata keçirilməsi müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Bildirilib ki, türk dünyasının alimlərinin bir araya gəldiyi belə mötəbər elmi platformalar qarşılıqlı əməkdaşlığın genişlənməsinə, ortaq elmi irsin daha dərindən araşdırılmasına və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verir.
Professor İsmayıl Kazımov Birinci Türkoloji Qurultayının Türk dünyasının elmi və mədəni inteqrasiyasında mühüm rol oynadığını vurğulayaraq, Səmərqənddə keçirilən bu toplantının həmin tarixi ənənənin davamı olduğunu bildiriblər.
Tədbirin yekununda iştirakçılar arasında elmi əməkdaşlığın genişləndirilməsi və türkoloji araşdırmaların inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.