İyunun 5-də Cəlilabad şəhərindəki Heydər Əliyev Seyrangahında I Cəlilabad Kitab Sərgisinin açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, BP-nin sponsorluğu ilə təşkil olunan sərginin açılışında Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri Şəmil Sadiq, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və layihənin icraçısı Mübariz Həsənov çıxış ediblər.
Çıxışlarda ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitabın cəmiyyət həyatındakı rolu, regionlarda keçirilən kitab sərgilərinin oxucularla nəşriyyatlar arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələr vurğulanıb. Bildirilib ki, bu cür layihələr kitabın təbliği, gənc nəslin mütaliəyə marağının artırılması və yerli ədəbi mühitin canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sərgidə 30-dan çox nəşriyyat öz stendləri ilə təmsil olunur. Oxucular burada müxtəlif mövzularda nəşrlərlə tanış olmaq, kitablar əldə etmək və müəlliflərlə görüşmək imkanı qazanırlar. Sərgi günlərində kitablar oxuculara xüsusi endirimli qiymətlərlə təqdim olunur.
Tədbir çərçivəsində müxtəlif mədəni proqramlar, təqdimatlar, müzakirələr və yazıçıların imza saatları təşkil edilir.
Qeyd edək ki, ötən həftə Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə Qax rayonunda da kitab sərgisi keçirilmiş, tədbir yerli oxucular tərəfindən böyük maraqla qarşılanmışdı. Regionlarda təşkil olunan kitab sərgiləri ölkədə kitab sənayesinin inkişafına və mütaliə ənənələrinin genişlənməsinə xidmət edir.
Xırdalanda binanın səkkizinci mərtəbəsindən yıxılaraq beşinci mərtəbədə asılı qalan qadın xilas edilib
Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib