Braziliya hökuməti Avropa İttifaqının (Aİ) Braziliyadan ət məhsullarının idxalını məhdudlaşdırmaq qərarına cavab tədbirlərinin görülməsi imkanlarını nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzetinə müsahibəsində Braziliya Kənd Təsərrüfatı Nazirliyinin ticarət və beynəlxalq əlaqələr üzrə katibi Luis Rua bildirib.
"Əgər bizə tərəfdaş kimi yanaşılmadığını anlasaq, Aİ-nin addımlarına necə cavab verə biləcəyimizlə bağlı artıq bəzi ideyalarımız var", - deyə məmur bəyan edib.
Ruanın sözlərinə görə, Braziliya rəhbərliyi danışıqlar yolu ilə Aİ-ni məhdudiyyətləri ləğv etməyə razı salmağa ümid edir. O xatırladıb ki, beynəlxalq ticarətdə "qarşılıqlılıq prinsipi" qüvvədədir və ölkə bu prinsipi işə sala bilər.
Xatırladaq ki, iyunun 5-də Aİ Braziliyadan ət idxalına qoyulan məhdudiyyətləri rəsmən təsdiqləyib. Brüssel bu qərarını onunla əsaslandırıb ki, Cənubi Amerika ölkəsi heyvandarlıqda antimikrob preparatların həddindən artıq istifadəsinə nəzarət qaydalarını pozub. Rua əmin edib ki, Braziliya Aİ-yə bütün lazımi texniki təminatları təqdim edə və birliyə ət ixracatçısı statusunu geri qaytara bilər.