07 iyun 2026 19:53
107

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Misir-Fransa birgə arxeoloji missiyası Qahirədə Salahəddin Əyyubi qalası ətrafında aparılan qazıntılar zamanı Məmlüklər dövrünə aid inteqrə olunmuş su sistemi və məscid qalıqları aşkar edib.

“İki sahil” xəbər verir ki, tapıntılar Misirin Qədim Abidələr üzrə Dövlət Şurası ilə Fransanın Şərq Arxeologiyası İnstitutunun (IFAO) birgə həyata keçirdiyi layihə çərçivəsində Arab əl-Yasar və əl-Hattaba ərazilərində aparılan qazıntılar zamanı aşkarlanıb.

Misirin turizm və qədim abidələr naziri Şərif Fəthi bildirib ki, bu tapıntılar bölgənin İslam dövrlərindəki memarlığının daha dərindən öyrənilməsinə mühüm töhfə verir.

Qazıntılar nəticəsində qalaya suyun ötürülməsi üçün istifadə olunmuş iki böyük quyu, su çarxları və daş kanallardan ibarət kompleks sistem üzə çıxarılıb. Bu sistem Məmlüklər dövründə su ehtiyatlarının idarə olunmasının yüksək səviyyədə inkişaf etdiyini göstərir. Bundan əlavə, missiya Məmlüklər dövrünə aid məscid qalıqları, dəfn otağı və İslam dövrlərinə aid qəbir kompleksləri də aşkar edib. Bu tapıntılar ərazinin tarixinin və şəhərsalma inkişaf mərhələlərinin müəyyənləşdirilməsinə imkan yaradır.

Layihə çərçivəsində bir sıra tarixi tikililərin rəqəmsal sənədləşdirilməsi aparılıb, həmçinin xanəgah kompleksinin yeni hissələri üzə çıxarılıb. Tapılan arxeoloji materiallar arasında saxsı su qabları, Məmlüklər və Osmanlı dövrlərinə aid sikkələr, eləcə də XVIII–XIX əsrlərdə gündəlik həyatda istifadə olunmuş alətlər yer alır.