Danimarka və Ukrayna milli komandaları arasında keçirilən yoldaşlıq matçı yarımçıq dayandırılıb.
“İki sahil” xəbər verir ki, buna səbəb Danimarka yığmasının kapitanı Kristian Eriksenin oyun vaxtı halının pisləşməsi olub.
Hadisə Odense şəhərində oynanılan görüşün 63-cü dəqiqəsində baş verib. Huşunu itirən 34 yaşlı futbolçu yerə yıxılıb. Baş hakim dərhal oyunu dayandıraraq həkimləri meydana çağırıb. Təcrübəli oyunçuya ilkin tibbi yardım göstərilib. Daha sonra isə o, xəstəxanaya aparılıb.
Hakimlər matçı vaxtından əvvəl başa çatdırıblar.
Qeyd edək ki, Kristian Eriksen 2021-ci ildə Avropa çempionatının Finlandiya ilə oyunu zamanı da bu cür halla üzləşmişdi. Həmin vaxt futbolçunun ürəyi dayanmışdı. Həkimlər onu çətinliklə həyata qaytarmışdılar.