08 iyun 2026 13:12
99

”Aztelekom”: 200 Mbit/s hədəfi üçün texniki baza formalaşıb

Azərbaycanda yaxın illərdə orta internet sürətinin 200 Mbit/s və daha yüksək səviyyəyə çatdırılması real hədəf kimi qiymətləndirilir. “İki sahil” xəbər verir ki, bunu “QəbuldASAN” verilişində çıxışı zamanı AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov bildirib.

Onun sözlərinə görə, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkə üzrə fiber-optik infrastrukturun genişləndirilməsi nəticəsində artıq qiqabit tutumlu sabit genişzolaqlı şəbəkə formalaşdırılıb. “Hazırda ölkəmizdə 200 Mbit/s və daha yüksək orta sürətə keçid üçün texniki imkanlar artıq mövcuddur. Son illərdə həyata keçirilən layihələr nəticəsində bu hədəfə çatmaq üçün əsas infrastruktur formalaşdırılıb”, – deyə Həsən Ömərov qeyd edib. O, eyni zamanda bildirib ki, “Aztelekom”un 10G və 50G PON texnologiyalarının tətbiqi istiqamətində gördüyü işlər gələcəkdə istifadəçilərə, hətta 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunmasına imkan verəcək. Qeyd edək ki, son illərdə “Aztelekom” beynəlxalq səviyyədə bir sıra nüfuzlu mükafatlara layiq görülüb. Şirkət “Ookla” tərəfindən “Ən sürətli sabit şəbəkə”, Dünya Genişzolaqlı Assosiasiyası tərəfindən “Gigacity Champion”, “IDATE” tərəfindən isə “Ultra-Broadband Resilient Network for AI Development” mükafatlarını qazanıb.