Peyvəndləmədən sonra immun fonun müəyyənləşdirilməsi və xüsusi təhlükəli xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında monitorinq həyata keçiriləcək.
10–30 iyun tarixlərində keçiriləcək monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar üzərində klinik müşahidələr aparılaraq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, təsərrüfatlara ümumi baxış və maarifləndirmə tədbirləri aparılacaq. Eyni zamanda, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
“İki sahil” xəbər verir ki, monitorinq respublikanın 64 rayonunu (şəhərini) əhatə edən 258 yaşayış məntəqəsində fərdi və fermer təsərrüfatlarında təşkil olunacaq. Ümumilikdə hər heyvan növü üzrə 1548 baş olmaqla, 6–12 və 12–24 aylıq yaş qruplarına aid, xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd edilmiş heyvanların müayinəsi nəzərdə tutulur.
Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.
Bununla yanaşı, təsərrüfat sahiblərinə heyvan sağlamlığının qorunması, biotəhlükəsizlik tədbirlərinə əməl olunması, xəstəliklərin profilaktikası, heyvanların identifikasiyası və qeydiyyatının əhəmiyyəti, həmçinin qüvvədə olan baytarlıq qanunvericiliyinin tələbləri barədə məlumatlandırıcı materiallar təqdim ediləcək.