08 iyun 2026 14:55
85

Avropa İttifaqı ilk dəfə bu sahədə İrana sanksiyalar tətbiq edib

Avropa İttifaqı İranın Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması ilə bağlı qərarlarında iştirak etdiyi iddia olunan fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas Kiprdə keçirilən Avropa İttifaqı müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra məlumat verib.

Kallasın sözlərinə görə, bu, Avropa İttifaqının gəmiçilik azadlığının məhdudlaşdırılmasına görə tətbiq etdiyi ilk sanksiya paketidir.

“Avropa İttifaqı ilk dəfə olaraq gəmiçilik azadlığına qarşı fəaliyyətlərlə əlaqədar sanksiya mexanizmindən istifadə edib və gələcəkdə də bu alətdən yararlanacaq”, – deyə o, bildirib.

Aİ ölkələrinin müdafiə nazirləri İranın Hörmüz boğazını bağlamaq istiqamətində atdığı addımları qəbuledilməz hesab etdiklərini vurğulayıblar. Onların fikrincə, bu cür addımlar beynəlxalq ticarət və qlobal enerji təhlükəsizliyi üçün ciddi risk yaradır.

Kallas, eyni zamanda, regiondakı bütün tərəfləri danışıqlar masasına qayıtmağa çağırıb. Onun sözlərinə görə, Yaxın Şərqdə genişmiqyaslı müharibənin yenidən alovlanması dünya iqtisadiyyatı və beynəlxalq təhlükəsizlik üçün ağır nəticələrə səbəb ola bilər.

“Regionda tammiqyaslı müharibənin yenidən başlaması son dərəcə ciddi nəticələr doğuracaq”, – deyə Avropa diplomatiyasının rəhbəri qeyd edib.