Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qurbanlı və YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Həsənzadə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində keçirilən Böyük Birlik Partiyasının (BBP) 13-cü qurultayında iştirak edib.
“İki sahil” xəbər verir ki, qurultaya Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) və digər bir sıra siyasi partiyaların nümayəndələri, ictimai xadimlər, eləcə də Azərbaycan, Özbəkistan, Şimali Makedoniya, Şimali Kipr Türk Cümhuriyyəti və başqa ölkələrdən dəvət olunmuş qonaqlar qatılıblar.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Prezidenti, AK Parti Sədri Rəcəb Tayyib Ərdoğanın qurultay iştirakçılarına müraciəti səsləndirilib.
Böyük Birlik Partiyasının sədri Mustafa Destici qurultay iştirakçılarını salamlayaraq partiyanın fəaliyyətinə dair məruzə ilə çıxış edib.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə toxunan Mustafa Destici Qarabağda dalğalanan Azərbaycan bayrağının bütün Türk dünyası üçün qürur mənbəyi olduğunu vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını tarixi nailiyyət kimi dəyərləndirərək, bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna təşəkkürünü ifadə edib. Mustafa Destici Qarabağ Zəfərinin təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Türk dünyasının sevinc və qürur mənbəyi olduğunu, bu tarixi qələbənin türk xalqları arasında birlik və həmrəyliyin güclənməsinə mühüm töhfə verdiyini bildirib.
BBP sədri ötən il Azərbaycana səfərini xatırladaraq göstərilən qonaqpərvərliyə görə Yeni Azərbaycan Partiyasına təşəkkür edib. O, YAP ilə əlaqələrin əhəmiyyətini vurğulayaraq qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Qurultay çərçivəsində partiyanın hesabat məruzələri dinlənilib, təşkilati məsələlərə baxılıb, qarşıdakı dövr üçün fəaliyyət prioritetləri müzakirə olunub, həmçinin partiyanın rəhbər və idarəetmə orqanlarına seçkilər keçirilib. Çıxışlarda milli həmrəyliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf, sosial rifahın yüksəldilməsi, türk dünyasında əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizlik məsələlərinə dair fikirlər səsləndirilib.
Qurultayın sonunda keçirilən seçkilərin nəticələrinə əsasən Mustafa Destici yenidən Böyük Birlik Partiyasının sədri seçilib.
Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib
“Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi yeni reallığın, yeni tarixin uğurudur - RƏY