09 iyun 2026 13:37
163

Bu qardaşlıq tarixin cığırdaşıdır!..

Qardaş Türkiyə ilə Azərbaycan bütün dövr­lər­də biri digərinin haqq mübarizəsinin iştirakçısı olub. Türkiyənin İstiqlal savaşında minlərlə azər­bay­canlı da Osmanlı Türkiyəsinin döyüşlərinin, ötən əsrin əvvəllərində Türkiyə Azər­baycanın azadlıq mübarizəsinin qələbəsinin iş­­ti­rakçısı oldu, Ba­kı­nın azad edilməsi Qafqaz İslam Ordusunun adı ilə bağlıdır. Bu qardaşlıq İkinci Qarabağ mü­ha­ribəsində də təsdiqləndi.

Azərbaycan Ordusu mahiyyəti baxımından Vətən müharibəsi olan İkinci Qarabağ müharibə­sin­də tarixi Zəfər qazandı, ərazilərimiz işğaldan azad edildi. 8 Noyabr Zəfər Günü kimi tarixləşdi. Bu müharibə Azərbaycanın ədalətli müharibəsi idi. Türkiyə bu müha­ribədə də Azərbaycana hər­tə­­rəfli yardım göstərdi.

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər bu iki qardaş dövlətin hərbi əməkdaş­lı­ğı­nın yeni mərhələsi oldu. 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respub­li­kası arasında müt­tə­fiq­lik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu Bəyannamə iki tarixi şəxsiyyətin, bu iki qardaş dövlətin mənəvi birliyinin ifadəsi olan kəlamlarının Bəyan­na­məsi kimi tarixləşdi. Bu tarixi sənəd Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamından da, Hey­dər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki döv­lətdir” kəlamından da qaynaq­lanır. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər də Şuşanın adı ilə bağ­lıdır, hərbi əmək­daş­lı­ğın yeni mərhələsi olan bu Bəyannamə də. Bəyannamə həm də dün­yə­vi ma­hiy­yətli sənəddir, dün­ya­ya strateji mesajdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Şuşada Müttəfiqlik Bəyannaməsinin imzalanması əcdadlarımıza sa­diq­liyin təzahürüdür.

Şuşa Bəyannaməsi hərbi müttəfiqlik sənədi olmaq etibarilə Türkiyə ilə Azərbaycanın bir-bi­ri­nin ərazi bütövlüyünə təhdidlər yaranarsa, ərazilərinə təcavüz edilərsə bir-birini qoruma öh­də­liyidir: "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bü­töv­­­lü­yü­nə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsiz­li­yi­nə qar­şı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məs­ləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizam­naməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizam­naməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salın­madan ke­­çirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyac­la­rının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əla­qələndirilmiş fəaliyyəti təşkil olunacaqdır".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi əhəmiyyət daşıyan Şuşa Bə­yan­naməsinin təsdiq edilməsi ilə bağlı demişdi: "Bu sənəd Azərbaycan-Türkiyə strateji müttə­fiq­lik münasibətlərində yeni səhifə açır, regionda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verir. Biz qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı və səmə­rə­li fəaliyyətimizi bundan sonra da birgə səylərimizlə genişləndirmək və şaxələndirmək əzmin­də­yik".

Qars müqaviləsinin 100-cü ildönümündə imzalanan bu sənəd tarixin mahiyyətini təkrarlayan, tarixi yaşadan Bəyannamə oldu. Qars müqaviləsi Azrərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR, o biri tərəfdə Türkiyə olmaqla Qarsda RSFSR-in iştirakı ilə 1921-ci il oktyabrın 14-də bağ­lan­mışdı. O müqavilə də Azərbaycanın ərazi bütövlüyünün qorunmasına dair siyasi sənəd idi. 

Şuşa Bəyannaməsi hüquqi sənəddir. Azərbaycanla Türkiyə arasında mövcud münasibətlərin daha da genişlənəcəyinin, əməkdaşlığın bütün sahələrini əhatə edəcəyinin zəmanəti kimi tarix­ləş­di. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa Bəyannaməsinin imzalan­ması mərasimində çıxışında Bəyannamənin qaynaqlandığı tarixi gerçəklikləri də xatırlatdı, zaman anlamında sabahkı gerçəkliklərin də işığını göstərdi: “Biz bir daha göstərdik ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”.

 

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin im­za­lan­ma­sı mərasimində çıxışında dedi ki, “bir millət, iki dövlət” təməli üzərində yüksəltdiyimiz əlaqə­lə­­ri­mizi daha da inkişaf etdirəcək yeni bir tarixi addımı atdıq. Bu addım çox önəmlidir. Bunu bun­dan sonrakı prosesdə daha da gücləndirəcəyik və gücləndirərək yolumuza davam edəcəyik”.

Şuşa Bəyannaməsi Azərbaycan Ordusunun Türkiyə modeli əsasında formalaşacağını da bil­di­rir ki, bu da Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığının mahiyyətinin çalarlarının da sənədi kimi tarixləşib...

Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasəti ilə bağlı ayrıca müddəa da var. Bu müd­dəada həm Azərbaycanın, həm də Türkiyənin xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyi də, Azərbaycan Res­pub­likası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çər­çi­vəsində fəaliyyətlərin əhəmiyyəti də qeyd olunub.

Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Mü­dafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır.

2023-cü ilin iyunun 15-də “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününə və Şuşa Bə­yannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” mövzu­sunda konfrans keçirildi. Bu konfrans iki dövlət arasında hərbi əməkdaşlığın gələcək konturlarını bir daha göstərdi...

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında qardaşlıq sənədidir və bu sənəd tarixə tari­xi mesajdır: bu qardaşlıq tarixin cığırdaşıdır!..

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı