Günəş kremindən istifadə dərini qorumaq üçün atılan ən vacib addımlardan biri hesab olunsa da, mütəxəssislər bir çox insanın bu məhsuldan düzgün istifadə etmədikləri qənaətindədirlər. Xüsusilə gün ərzində günəş qoruyucunu yeniləməmək və kifayət qədər miqdarda tətbiq etməmək onun qoruyucu təsirini ciddi şəkildə azalda bilər. Mütəxəssislər yay aylarında günəş şüalarının zərərli təsirlərindən qorunmaq üçün yalnız günəş kremi çəkməyin deyil, ondan düzgün istifadə etməyin də böyük əhəmiyyət daşıdığını vurğulayırlar.
Türkiyəli dermatoloq Makbulə Dündar bildirib ki, günəş kremindən istifadə dəri xərçəngindən qorunmaq üçün ən vacib tədbirlərdən biridir. Onun sözlərinə görə, günəş şüalarına qorunmasız məruz qalmaq daha ciddi risklər yaradır. Mütəxəssis qeyd edib ki, uşaqların günəş yanığından qorunması xüsusilə vacibdir. Çünki uşaqlıq dövründə yaranan günəş zədələri sonrakı illərdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər: “Günəş kremini gün ərzində yalnız bir dəfə çəkmək kifayət deyil. Xüsusilə dəniz və hovuz kənarında günəş qoruyucu hər iki saatdan bir yenilənməlidir. Üz nahiyəsinə tətbiq zamanı “iki barmaq qaydası”na əməl edilməli və kifayət qədər məhsul istifadə olunmalıdır.”
Təkcə SPF göstəricisinə diqqət yetirmək kifayət deyil
Makbulə Dündarın sözlərinə görə, günəş qoruyucularını yalnız SPF dəyərinə görə qiymətləndirmək düzgün yanaşma deyil: “UVB şüaları dərinin qaralmasına və günəş yanıqlarına səbəb olduğu halda, UVA şüaları dərinin vaxtından əvvəl qocalması və qırışların yaranmasına gətirib çıxarır. Buna görə də istifadə olunan məhsul həm UVA, həm də UVB şüalarına qarşı qoruma təmin etməlidir. Yay aylarında ən azı SPF 30 səviyyəsində günəş qoruyucu istifadə edilməlidir. Günəşə qarşı dəriləri həssas olan şəxslər isə SPF 50 olan məhsullara üstünlük verməlidirlər. Uzun müddət ekran qarşısında vaxt keçirən insanlar üçün mavi işıqdan qoruyan məhsullar da faydalı ola bilər.”
Günəş şüaları dəri xərçəngi riskini artırır
Həkim bildirib ki, dəri xərçənginin əsas səbəblərindən biri günəş şüalarına qorunmasız şəkildə məruz qalmaqdır: “Xüsusilə tünd rəngli xalları olan insanlarda bu risk daha yüksəkdir. Uşaqlıq dövründə alınan günəş yanıqları sonrakı yaşlarda dəri xərçənginin yaranma ehtimalını əhəmiyyətli dərəcədə artırır.
Günəşdən qoruyucu vasitə seçərkən dəri tipi nəzərə alınmalıdır. Quru dərilər üçün daha sıx teksturalı və nəmləndirici xüsusiyyətə malik məhsullar uyğun hesab olunur. Yağlı və sızanağa meyilli dərilər üçün isə daha yüngül, gel və ya maye formalı günəş qoruyucular tövsiyə edilir.”
Şahnigar Əhmədova, “İki sahil”