09 iyun 2026 22:57
98

Strateji valyuta ehtiyatları tarixi rekord səviyyədə

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar makroiqtisadi sabitliyi və milli valyutanın dayanıqlığını təmin edib, nəticədə ölkənin strateji valyuta ehtiyatları 88,4 milyard ABŞ dollarına çatıb

İqtisadi müstəvidə ölkənin ən böyük nailiyyətlərindən biri də Azərbaycana davamlı valyuta axınının təmin edilməsidir. Xüsusən də indiki şəraitdə, qlobal ticarət müharibələrinin genişləndiyi bir vaxtda bu məsələ böyük əhəmiyyət kəsb edir. Ən azı o baxımdan ki, beynəlxalq maliyyə bazarlarında baş verənlərin Azərbaycana təsiri minimal həddə enir. Eyni zamanda, bunun nəticəsində manatın sabitliyi daha etibarlı şəkildə qorunur. Qeyri-neft sektoru üzrə ixracın çoxalması, Azərbaycanın xaricdə öz sərmayəsi hesabına reallaşdırdığı layihələrin gəlir gətirməsi valyuta ehtiyatlarını sürətlə artırır. Bu il iyunun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatı 88,4 milyard ABŞ dollarına çatıb. Ekspertlər vurğulayırlar ki, bunlar;n fonunda qeyri-neft sektoru ölkəyə valyuta gətirən əsas sahələrdən birinə çevrilib. Bu da onu göstərir ki, qeyri-neft sektorunun inkişafı üçün atılan addımlar nəticəsini verir.

Bəzi iqtisadi rəqəmlərə nəzər salaq: 2015-ci ildə ümumi daxili məhsul (ÜMD) təxminən 54 milyard ABŞ dolları səviyyəsində olmuşdursa, son on ildə baş verən dəyişikliklər nəticəsində bu göstərici 2025-ci ildə 129 milyard manata yüksələrək 2 dəfədən çox artım nümayiş etdirmişdir. Lakin burada əsas məsələ artımın həcmi deyil, onun strukturudur. Əgər əvvəlki dövrdə iqtisadiyyatın əsas hissəsi neft sektorunun payına düşürdüsə, son illərdə qeyri-neft sektorunun ÜDM-də payı 70 faizə qədər yüksəlmişdir. Bu meyil göstərir ki, iqtisadi artım artıq yalnız enerji gəlirlərinə əsaslanmır. Belə ki, qeyri-neft sənayesində istehsal həcmi son on ildə, təqribən, 2 dəfə artmış, kənd təsərrüfatı məhsulları istehsalı isə 1,5 dəfə genişlənmişdir. Xidmət sektorunun payı 40 faizdən 50 faizə yüksələrək iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilmişdir.

Uğurlu valyuta siyasəti ölkənin iqtisadi dayanıqlığını təmin edərək, dövlət borcunun həcmini də əhəmiyyətli dərəcədə aşağı salıb. Maliyyə naziri Sahil Babayev "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Azərbaycan dünyada dövlət borcunun ümumi daxili məhsula nisbətinin ən aşağı olan ölkələrdən biridir: "Bu günə dövlət borcu 24,1 milyard manat və yaxud proqnozlaşdırılan illik ÜDM-in 18,4 faizinə bərabərdir. 2025-ci ilin sonuna isə dövlət borcu 26 milyard manat və yaxud illik ÜDM-in 20,1 faizinə bərabər olub. Bu da 2025-ci ilin əvvəli ilə müqayisədə 1,6 faiz bəndi azdır. Borc partfelimiz ilin sonuna 17,8 milyard manat daxili dövlət borcu, 8,2 milyard manat isə xarici dövlət borcundan ibarət olub. Xüsusi olaraq vurğulamaq istərdim ki, dövlət borcunun məzənnə və xarici bazar risklərinin həssaslığı bu dövr ərzində azalıb. İstiqrazlarımızın orta ödəmə müddəti il ərzində 2,2 dəfə artıb".

Yeri gəlmişkən, xatırladaq ki, bu gün beynəlxalq reytinq agentliklərinin hesabatlarında da Azərbaycanda makroiqtisadi dayanıqlılığın əsas qarantı kimi ölkəmizin valyuta rezervləri göstərilir ki, bu da Beynəlxalq Valyuta Fondunun metodoloji təlimatına görə, Neft Fondu və Mərkəzi Bankda yığılan ehtiyatlardır. Azərbaycanın reytinqləri ölkənin çox güclü xarici mövqeyi, digər ölkələr arasında ən aşağı dövlət borc səviyyəsi və ölkənin əhəmiyyətli suveren sərvət fondu aktivləri ilə təmin edilən yüksək maliyyə çevikliyi ilə dəstəklənir. Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli emitent defolt reytinqlərini (IDR) "BBB-" səviyyəsində, sabit proqnozla təsdiqləyib. "Fitch"in yaydığı məlumata görə, Azərbaycanın ölkə tavanı uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqindən (BBB-) bir pillə yuxarı olan "BBB" səviyyəsində müəyyən edilib.

"Yaxın Şərq münaqişəsinin yaratdığı yüksək neft qiymətləri neft və qaz gəlirlərini artıracaq və bu da 2026-cı ildə suveren valyuta aktivlərinin 93 milyard ABŞ dollarına (və ya proqnozlaşdırılan ÜDM-in 117 faizi) qədər artmasına səbəb olacaq. Bu məbləğin 84 faizi Azərbaycan Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq ehtiyatlarında saxlanılacaq. Xalis suveren xarici aktivlər ÜDM-in 73 faizinə çatacaq ki, bu da "BBB" kateqoriyasında reytinq alan ölkələr arasında ən yüksək göstəricidir", - deyə məlumatda qeyd olunub. "Fitch", həmçinin vurğulayıb ki, neftin daha yüksək qiymətləri və orta idxal tələbi cari hesab profisitinin 2025-ci ildə ÜDM-in 4,6 faizi ilə müqayisədə 2026-cı ildə ÜDM-in 9 faizinə qədər artmasına imkan verəcək.

Sevinc Azadi, “İki sahil”