12 iyun 2026 00:36
126

Pişik saxlamaq uşaqlarda astma riskini artırır?

Otuz mindən çox uşağın iştirak etdiyi yeni araşdırmanın nəticələri göstərib ki, pişiklərlə eyni evdə yaşamaq astma xəstəliyinin ağırlaşmasına səbəb olmur.

Astma uşaqlar arasında ən geniş yayılmış xəstəliklərdən biridir və təxminən hər 10 uşaq və yeniyetmədən biri bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin yayılma səviyyəsi ölkələrə, regionlara və ətraf mühit amillərinə görə dəyişir. Britaniya adalarında, Yaxın Şərqin və Okeaniyanın bəzi bölgələrində isə hər beş uşaqdan biri astma ilə yaşayır.

Məlumdur ki, havanın çirkliliyi, siqaret tüstüsünə məruz qalmaq, uşaqlıq dövründə keçirilən virus infeksiyaları, piylənmə, ekzema və ya allergik rinit kimi xəstəliklər astma üçün risk faktorları hesab olunur. Bəzi xəstələr heyvan tüklərinin və ya dəri hissəciklərinin astma tutmalarına səbəb olduğunu bildirsələr də, bunu təsdiqləyən elmi sübutlar məhduddur və əsasən kiçik tədqiqatlara əsaslanır. Alimlər müəyyən ediblər ki, pişiklərlə eyni evdə yaşamaq astma və ya tənəffüs yolları allergiyası olan uşaqların vəziyyətini qısa müddətdə pisləşdirmir.

“Frontiers in Allergy” elmi jurnalında dərc edilən araşdırmanın müəlliflərindən biri İsveçdə ölkə miqyasında aparılan tədqiqatın nəticələrinə əsasən bildirib ki, evində pişik saxlayan uşaqlarla pişiksiz evlərdə yaşayan uşaqlar arasında astmanın şiddəti, xəstəliyin kəskinləşmə halları, astmaya nəzarət səviyyəsi və ağciyər funksiyaları baxımından ciddi fərq aşkarlanmayıb. Tədqiqatı həyata keçirən alimlərdən biri olan, İsveçdəki Karolinska İnstitutunun fəlsəfə doktoru Resthi R. Putri qeyd edib ki, pişiklərin sayı, yaşı və ya cinsi də nəticələrə təsir göstərməyib.

Qeyd edək ki, araşdırma çərçivəsində 4-17 yaş aralığında olan, astma və ya tənəffüs yolları allergiyası diaqnozu qoyulmuş 30 min 277 uşağın tibbi məlumatları təhlil olunub. İştirakçılar 2024-cü ilə qədər iki ildən çox müddətdə izlənilib. Bu dövrdə onların diaqnozları, təcili yardım müraciətləri, təyin olunan dərmanlar, astmaya nəzarət testləri və spirometriya nəticələri qeydə alınıb. Tədqiqat iştirakçılarının təxminən 10 faizi ən azı bir pişiyin yaşadığı evlərdə yaşayırdı. Məlumatlar İsveç Milli Pişik Reyestrindən əldə olunub. Nəticələr göstərib ki, ev pişiklərinə məruz qalmaqla astmanın gedişi arasında statistik baxımdan əhəmiyyətli əlaqə yoxdur. Belə ki, təyin olunan astma dərmanlarının istifadəsi əsasında aparılan qiymətləndirmədə pişik olan evlərdə yaşayan uşaqların 10 faizində orta və ya ağır astma müşahidə olunub. Eyni göstərici pişiksiz evlərdə yaşayan uşaqlarda da 10 faiz təşkil edib. Astmanın kəskinləşməsi halları da hər iki qrupda demək olar ki, eyni səviyyədə qeydə alınıb. Alimlər bunun mümkün səbəblərindən biri kimi pişik allergenlərinin yalnız evlərdə deyil, məktəblər, ictimai nəqliyyat vasitələri və digər ümumi məkanlarda da geniş yayılmasını göstərirlər. Buna görə də evində pişik saxlamayan uşaqlar da bu allergenlərlə tez-tez təmasda ola bilirlər. Tədqiqat müəlliflərinin fikrincə, məhz bu amil iki qrup arasında nəzərəçarpacaq fərqin müşahidə edilməməsini izah edə bilər.

Şahnigar Əhmədova, “İki sahil”