12 iyun 2026 12:18
108

Zaur Mikayılov: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir

Mərkəzi Aran iqtisadi rayonunun ölkəmizin aqrar inkişafında xüsusi çəkisi var. Taxılçılıq, yemçilik, tərəvəzçilik, meyvəçilik və heyvandarlıq sahələri üzrə mövcud istehsal potensialı regionun aqrar inkişafında xüsusi rol oynayır. Bu potensialın tam reallaşdırılması isə ilk növbədə etibarlı və dayanıqlı su təminatından asılıdır.

“İki sahil” xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

“Hazırda Agentliyin xidmət göstərdiyi ərazilərdə Ağdaş rayonunda 36 min 337 hektar, Göyçay rayonunda 26 min 568 hektar, Kürdəmir rayonunda isə 69 min 504 hektar, Ucar rayonunda 28 min 935 hektar, Yevlax rayonunda 42 min 786 hektar, Zərdab rayonunda 38 min 759 hektar, Mingəçevir şəhərində isə 1099 hektar suvarılan sahə mövcuddur. Sözügedən ərazilərdə fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu ümumilikdə 9 375 kilometrə yaxın suvarma şəbəkəsini, 17 767 hidrotexniki qurğunu, 98 subartezian quyusunu və 231 nasos stansiyasını əhatə edir. Cari ildə bu rayonlar üzrə təxminən 76 min kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunmuş və hazırda da su təminatı davam etdirilir. Məhz cari ildə əldə olunan məhsuldarlıq göstəriciləri bir daha sübut edir ki, kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir”, - deyə o bildirib.