12 iyun 2026 13:40
135

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib

Milli Məclis “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

“İki sahil” xəbər verir ki, qanun layihəsi parlamentin iyunun 12-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edilib ki, büdcənin icrası 2025-ci ildə makroiqtisadi sabitliklə, xüsusilə 1,4 faizlik iqtisadi artımla, 5,6 faizlik orta illik inflyasiya ilə, cari hesablar üzrə tədiyyə balansının 3,5 milyard ABŞ dolları səviyyəsində müsbət saldosu ilə müşayiət olunub, ölkənin strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dollarına çatıb.

Hesabata əsasən, gəlirlər proqnoz rəqəmlərini üstələyib. Belə ki, 2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat olmaqla, proqnoza qarşı 829 milyon manat və ya 2,2 faiz çox icra edilib. Dövlət büdcəsinin xərcləri proqnozun 93,2 faizi həcmində və ya 38,6 milyard manat icra edilib. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat məbləğində təsdiq olunsa da, faktiki 580 milyon manat büdcə artıqlığı yaranıb.