12 iyun 2026 13:41
87

Balıqçılıq sahəsinin inkişafı ölkədə yeni istehsal zəncirinin formalaşmasına töhfə verəcək

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində balıqçılıq və aqrar məhsulların saxlanması və emalı infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, proqram çərçivəsində balıqçılıq və akvakultura sahəsində istehsal həcminin 7,7 min tona çatdırılması hədəflənir.

Məcnun Məmmədov qeyd edib ki, bu sahədə ilk dəfə olaraq subsidiya və dövlət güzəştlərinin tətbiqi nəzərdə tutulur, həmçinin yeni balıqartırma təsərrüfatlarının yaradılması və akvakultura aqroparkının təşkili planlaşdırılır.

“Balıqçılıq sahəsinin inkişafı ölkədə yeni istehsal zəncirinin formalaşmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcək”, – deyə nazir vurğulayıb.

Məcnun Məmmədov bildirib ki, paralel olaraq aqrar məhsulların saxlanma və emal imkanlarının genişləndirilməsi istiqamətində də mühüm layihələr həyata keçiriləcək.