12 iyun 2026 16:17
92

“İnsan Hüquqları Aylığı” çərçivəsində Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı tərəfindən  Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş maarifləndirmə tədbiri təşkil edilib.
“İki sahil” xəbər verir ki, “Uşaq hüquqlarının qorunması: uşaqların əmək hüquqları və onların əməyindən istifadənin xüsusiyyətləri”  mövzusunda keçirilən tədbirin məqsədi həmin müəssisədə təhsil alan tələbələrin və pedaqoji heyətin müvafiq sahədə məlumatlılıq səviyyəsinin daha da artırılmasından ibarət olub. Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı təlimçi qismində çıxış edərək uşaqların əmək hüququ, işə qəbul edilərkən onlara tətbiq edilən güzəştlər, uşaq hüquqları sahəsində mövcud olan hüquq pozuntularının mahiyyəti və onun nəticələri istiqamətində geniş məlumat verib.
Təlimdə uşaqların hüquqlarının qorunmasına xidmət edən hüquqi müdafiə mexanizmləri, o cümlədən Ombudsmanın mandatı, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət istiqamətləri barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Təlim müzakirə şəklində davam etdirilib, sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.