12 iyun 2026 18:31
96

TANAP Azərbaycanın enerji diplomatiyasının uğur hekayəsidir - İlham Şaban

“TANAP-ın istifadəyə verilməsindən 8 il ötür. Bu müddətdə layihə özünü təkcə enerji infrastrukturu kimi deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən strateji alət kimi doğruldub. 2018-ci il iyunun 12-də istifadəyə verilən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Azərbaycan qazının Türkiyə üzərindən Avropa bazarlarına çıxışını təmin edən Cənub Qaz Dəhlizinin əsas halqasına çevrildi. Bu gün TANAP vasitəsilə nəql olunan qazın ümumi həcminin 99 milyard kubmetrə yaxınlaşması, Türkiyəyə isə 39,3 milyard kubmetr qaz çatdırılması layihənin iqtisadi və kommersiya baxımından uğurunu təsdiqləyir.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban söyləyib.

Ekspert bildirib ki, TANAP-ın əhəmiyyəti təkcə rəqəmlərlə ölçülmür: “Layihə Azərbaycanın ilk dəfə olaraq öz qazını birbaşa Avropa enerji təhlükəsizliyinin elementinə çevirməsinə imkan verdi. Xüsusilə 2022-ci ildən sonra Avropada enerji təhlükəsizliyinin əsas məsələyə çevrilməsi TANAP-ın strateji dəyərini daha da artırdı.”

İlham Şaban vurğulayıb ki, bu gün TANAP Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının ən uğurlu iqtisadi layihələrindən biri hesab olunur: “Kəmər iki ölkə arasında enerji inteqrasiyasını dərinləşdirməklə yanaşı, Azərbaycanı Xəzər hövzəsi ilə Avropa arasında etibarlı enerji körpüsü kimi möhkəmləndirib. TANAP həm də Azərbaycanın enerji diplomatiyasının uğur hekayəsidir. Vaxtilə bəzi ekspertlərin şübhə ilə yanaşdığı layihə hazırda Avrasiyanın ən mühüm qaz marşrutlarından biri kimi fəaliyyət göstərir. Bu kəmər sayəsində Azərbaycan təkcə qaz ixrac edən ölkə deyil, həm də regional enerji təhlükəsizliyinin formalaşmasında söz sahibi olan strateji tərəfdaşa çevrilib.”

Ekspert onu da qeyd edib ki, qarşıdakı illərdə “Şahdəniz”, AÇG-dən hasil olunacaq qaz və digər perspektiv mənbələrin bazara çıxarılması fonunda TANAP-ın əhəmiyyətinin daha da artacağı gözlənilir: “Xüsusilə kəmərin ötürücülük gücünün artırılması imkanları Azərbaycanın Avropa bazarında rolunu genişləndirə bilər. Səkkiz il əvvəl istifadəyə verilən TANAP bu gün artıq bir enerji layihəsindən daha çox məna daşıyır. O, Azərbaycanın müstəqil enerji siyasətinin, regional əməkdaşlıq modelinin və uzunmüddətli strateji baxışının ən uğurlu nəticələrindən biridir. TANAP Azərbaycanın neft dövrünün deyil, məhz qaz dövrünün simvoludur. Əgər Bakı-Tbilisi-Ceyhan Azərbaycanı qlobal neft xəritəsinə çıxardısa, TANAP ölkəni Avropanın enerji təhlükəsizliyi xəritəsində daimi oyunçuya çevirdi.”

Orxan Vahidoğlu, “İki sahil”