12 iyun 2026 20:34
112

Əminə Ağazadə: Rəqəmsal mühitdə uşaqların müdafiəsi artıq hüquqi zərurətdir

Müzakirə olunan qanun layihəsi yalnız informasiya texnologiyaları və ya sosial şəbəkələrin fəaliyyəti ilə bağlı texniki tənzimləmə deyil, ilk növbədə uşaqların hüquqlarının müdafiəsinə xidmət edən mühüm sənəddir.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Əminə Ağazadə parlamentin bugünkü iclasında deyib.

Deputat bildirib ki, son illərdə uşaqların həyatının mühüm hissəsi rəqəmsal mühitə keçib və bu səbəbdən valideynlərin narahatlığı artıq yalnız fiziki məkanla məhdudlaşmır.

Onun sözlərinə görə, internet və sosial şəbəkələr uşaqlar üçün təkcə bilik və ünsiyyət məkanı deyil, eyni zamanda zorakılıq, təhqir, manipulyasiya, asılılıq yaradan məzmun və şəxsi məlumatlardan sui-istifadə risklərinin də mövcud olduğu bir mühitdir.

Əminə Ağazadə vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyası dövlətin uşaqların müdafiəsini təmin etmək vəzifəsini müəyyən edir.

Millət vəkili qeyd edib ki, Azərbaycanın qoşulduğu BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası da uşaqların onların inkişafına zərər vura biləcək informasiya təsirlərindən qorunmasını dövlətlərin üzərinə öhdəlik kimi qoyur.

“Bu səbəbdən rəqəmsal mühitdə uşaqların müdafiəsi artıq seçim deyil, hüquqi zərurətdir”, – deyə deputat bildirib.

Əminə Ağazadənin sözlərinə görə, qanun layihəsinin əsas üstünlüklərindən biri məsuliyyətin yalnız valideynlərin üzərinə qoyulmamasıdır.

O qeyd edib ki, layihə sosial şəbəkə platformalarının və onların provayderlərinin də konkret öhdəliklərini müəyyən edir.

“Çünki milyonlarla istifadəçidən gəlir əldə edən platformalar həmin mühitdə yaranan risklərə görə də müəyyən məsuliyyət daşımalıdırlar”, – deyə millət vəkili əlavə edib.

Deputat bildirib ki, layihə uşaqların şəxsi məlumatlarının qorunmasına, zərərli məzmunun qarşısının alınmasına, yaşın müəyyənləşdirilməsi mexanizmlərinin tətbiqinə və təhlükəsiz istifadə rejiminin təmin olunmasına yönəlmiş hüquqi çərçivə yaradır.

Onun fikrincə, bu yanaşma bir çox ölkələrdə formalaşan beynəlxalq təcrübə ilə də uzlaşır.

Əminə Ağazadə diqqətə çatdırıb ki, müasir dövrdə rəqəmsal təhlükəsizlik fiziki təhlükəsizlik qədər əhəmiyyətlidir.

“Uşaq küçədə necə müdafiə olunursa, virtual məkanda da eyni dərəcədə müdafiə olunmalıdır”, – deyə o vurğulayıb.

Deputat hesab etdiyini bildirib ki, qanun layihəsi uşaqlar üçün daha təhlükəsiz, daha məsuliyyətli və daha sağlam rəqəmsal mühitin formalaşdırılmasına xidmət edir.