12 iyun 2026 21:23
108

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Fransalı vəkil Xədicə Audia keçmiş daxili işlər naziri və sağçı siyasətçi Brüno Rötayo barəsində irəli sürdüyü “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə şikayətin Fransanın Ədalət Məhkəməsi (CJR) tərəfindən rədd edilməsindən sonra işi Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) çıxardığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, vəkil bu haqda “France Télévisions”un “Complément d’enquête” proqramında yayımlanan müsahibəsində deyib. O bildirib ki, Brüno Rötayonun daxili işlər naziri olduğu dövrdə səsləndirdiyi 15 ictimai bəyanatı toplayıb. Audianın fikrincə, bu açıqlamalar qanun pozuntusu kimi qiymətləndirilə bilər.

Şikayətdə xüsusilə Rötayonun “Yaşasın idman, rədd olsun hicab” ifadəsi diqqət çəkir. Vəkil hesab edir ki, bu kimi bəyanatlar müsəlmanların damğalanmasına xidmət edir.

2027-ci il prezident seçkilərinə namizədliyini irəli sürən siyasətçi, həmçinin Mayotta və Qvianada miqrasiyanın azaldılmasının vacibliyindən danışarkən, “bunlar müsəlmandırlar, onlar qaradərilidirlər” ifadəsini işlətmişdi.

Nim Vəkillər Kollegiyasının keçmiş rəhbəri olan Xədicə Audia hesab edir ki, bu bəyanatlar cəmiyyətin müəyyən hissəsinin sistemli şəkildə siyasi və sosial hədəfə çevrilməsi prosesinin bir hissəsidir.

Lakin Fransa Respublikasının Ədalət Məhkəməsi təqdim edilən şikayəti qəbul etməyib. Bundan sonra Audia işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyini açıqlayıb. Hazırda prosedur davam edir.