13 iyun 2026 00:46
101

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

Almaniyanın Saarland əyalətində və Berlində minlərlə metallurgiya işçisi iş yerlərinin gələcəyinə dair narahatlıqlar fonunda etiraz aksiyaları keçirib.

“İki sahil” xəbər verir ki, Almaniyanın metal sənayesi işçiləri həmkarlar ittifaqı (IG Metall) tərəfindən təşkil olunan aksiyada iştirakçılar federal hökumətdən enerji qiymətlərinin azaldılmasını, sənayenin dəstəklənməsini və ucuz polad idxalına qarşı daha sərt tədbirlərin görülməsini tələb ediblər.

Berlinin küçələrindən keçən yürüş İqtisadiyyat Nazirliyinin qarşısında mitinqlə yekunlaşıb. Eyni vaxtda Saarlandda təxminən 8,5 min polad sənayesi işçisi etirazlara qoşulub.

“IG Metall” rəhbərliyi bildirib ki, polad sənayesi yüksək enerji xərcləri və beynəlxalq rəqabət səbəbindən ciddi təzyiq altındadır. Həmkarlar ittifaqı sənaye üçün elektrik enerjisinin qiymətinin hər kilovat-saat üçün 5 sent səviyyəsində müəyyənləşdirilməsini tələb edir. Etirazçılar, həmçinin Rusiyadan dolayı yollarla davam edən polad idxalına və Çindən subsidiyalı ucuz polad axınına qarşı daha effektiv müdafiə mexanizmlərinin yaradılmasını istəyirlər.

Aksiya iştirakçıları yaşıl polad istehsalına keçid üçün uzunmüddətli və sabit dövlət siyasətinin vacibliyini vurğulayaraq, polad sənayesinin Almaniya iqtisadiyyatının və enerji keçidinin əsas dayaqlarından biri olduğunu bildiriblər.