15 iyun 2026 08:58
117

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Azərbaycan Respublikasının müasir tarixində xüsusi əhəmiyyətə malik olan 15 İyun - Milli Qurtuluş Günü dövlət müstəqilliyinin qorunması, ictimai-siyasi sabitliyin bərpası və ölkənin davamlı inkişaf yoluna çıxması baxımından mühüm tarixi hadisə kimi qiymətləndirilir.Bu əlamətdar tarix xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyəti və dövlətçilik sahəsindəki misilsiz xidmətləri ilə sıx bağlıdır. Milli Qurtuluş Günü təkcə tarixi bir hadisə deyil, həm də Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli birliyinin və gələcəyə inamının təntənəsidir. Bu gün xalqımızın taleyində dönüş nöqtəsi olmaqla yanaşı, müstəqil Azərbaycan dövlətinin xilası və inkişafının başlanğıcı kimi tarixə həkk olunmuşdur.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası sonrakı illərdə ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üzləşmişdir. Ermənistanın hərbi təcavüzü, daxili siyasi qeyri-sabitlik, idarəetmə sahəsində yaranmış çətinliklər və separatçılıq meyilləri ölkənin təhlükəsizliyi və müstəqilliyi üçün ciddi təhdidlər yaratmışdı. Xüsusilə 1993-cü ilin iyun ayında baş verən hadisələr dövlətçiliyin gələcəyi ilə bağlı narahatlıqları artırmış və ölkədə mürəkkəb ictimai-siyasi vəziyyət formalaşdırmışdı.

Həmin mürəkkəb dövrdə Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi real xarakter almış, xalq ölkənin taleyi naminə qətiyyətli liderə böyük ehtiyac duyurdu. Dövlətçiliyin qorunması və milli maraqların təmin olunması məsələsi ölkənin qarşısında duran ən vacib vəzifəyə çevrilmişdi. Belə bir şəraitdə xalqın tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtmışdır. 1993-cü il iyunun 15-də onun Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin ictimai-siyasi həyatında mühüm dönüş nöqtəsi olmuşdur. Məhz bu tarix sonradan Azərbaycan Respublikasında Milli Qurtuluş Günü kimi təsis edilmiş və qeyd olunmağa başlanmışdır.

Xalqın etimadı və ümidi məhz Heydər Əliyevin şəxsiyyətində təcəssüm edirdi. Onun siyasi səhnəyə qayıdışı Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Ulu Öndərin rəhbərliyə qayıdışı ilə ölkənin gələcəyinə inam yenidən bərpa edildi və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra ölkədə sabitliyin təmin edilməsi, vətəndaş qarşıdurmasının qarşısının alınması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Onun siyasi uzaqgörənliyi və zəngin idarəçilik təcrübəsi nəticəsində Azərbaycan mövcud böhrandan çıxaraq inkişaf və modernləşmə mərhələsinə qədəm qoymuşdur.

Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olaraq sabitlik və tərəqqi yoluna qədəm qoydu. Qısa müddət ərzində ictimai-siyasi sabitlik bərpa edildi, dövlət institutlarının fəaliyyəti gücləndirildi və ölkənin gələcək inkişafı üçün möhkəm zəmin yaradıldı. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasəti və genişmiqyaslı islahatlar ölkənin uzunmüddətli inkişafı üçün möhkəm əsas yaratmışdır. Hüquqi dövlət quruculuğu, demokratik institutların formalaşdırılması və bazar iqtisadiyyatına keçid istiqamətində atılan addımlar Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil etmişdir.

Dövlətçilik prinsiplərinə söykənən bu siyasət Azərbaycanın müasir inkişaf modelinin əsasını təşkil etdi və gələcək uğurların təməlini qoydu. Məhz həmin dövrdə müəyyənləşdirilən inkişaf konsepsiyası sonrakı illərdə ölkəmizin hərtərəfli tərəqqisinin başlıca təminatçısına çevrildi.

1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsində və ölkənin qlobal mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Bu müqavilə Azərbaycanı dünya enerji bazarının mühüm iştirakçılarından birinə çevirmiş və ölkəyə böyük investisiyaların cəlb olunmasına şərait yaratmışdır. “Əsrin müqaviləsi” yalnız iqtisadi layihə deyil, həm də Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmasının mühüm rəmzi idi. Bu strateji qərar ölkənin iqtisadi müstəqilliyinin möhkəmlənməsinə və gələcək inkişaf perspektivlərinin genişlənməsinə əhəmiyyətli töhfə verdi.

Bu strateji dövlətçilik xətti sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Onun rəhbərliyi ilə ölkənin iqtisadi qüdrəti daha da gücləndirilmiş, regionların sosial-iqtisadi inkişafına dair genişmiqyaslı proqramlar həyata keçirilmişdir. Dövlət idarəçiliyində aparılan islahatlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfə vermişdir. Dövlət başçısının rəhbərliyi dövründə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar ölkənin müdafiə qabiliyyətini daha da möhkəmləndirmişdir. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Qələbə bu siyasətin və güclü dövlətçilik kursunun məntiqi nəticəsi olmuşdur. Bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ reallaşmışdır.

Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji inkişaf kursu bu gün də uğurla davam etdirilir. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi, beynəlxalq nüfuzunun artması, dövlət suverenliyinin daha da möhkəmləndirilməsi və milli maraqlarının etibarlı şəkildə qorunması həmin siyasətin mühüm nəticələri sırasında göstərilir.

Bu gün əldə olunan nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun uzaqgörənliyini və həyatiliyini bir daha təsdiq edir. Azərbaycanın regionun lider dövlətlərindən birinə çevrilməsi, beynəlxalq layihələrdə fəal iştirakı və qlobal miqyasda artan nüfuzu bu siyasətin uğurlu nəticələrinin bariz nümunəsidir. Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında dövlətçiliyin qorunmasının, milli həmrəyliyin və Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərinin rəmzi kimi xüsusi yer tutur. Bu əlamətdar tarix müstəqilliyin möhkəmləndirilməsi, güclü dövlətçilik ənənələrinin inkişaf etdirilməsi və xalq-lider birliyinin əhəmiyyətinin vurğulanması baxımından böyük məna daşıyır.

Tarix sübut edir ki, güclü dövlətçilik ənənələri və milli birlik hər bir xalqın inkişafının əsas təminatıdır. Azərbaycanın keçdiyi yol bunun ən parlaq nümunələrindən biridir. Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində ölkəmiz müstəqilliyini qoruyaraq inkişaf və tərəqqi yolunda inamla irəliləyə bilmişdir.

Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixində dönüş yaradan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edən taleyüklü bir gündür. Xalqın öz liderinə inamının və milli həmrəyliyinin təcəssümü olan bu tarix, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını və Azərbaycan dövlətçiliyinin qorunmasındakı müstəsna rolunu əsrlər boyu yaşadacaqdır.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru Aynel Məşədiyeva