15 iyun 2026 14:56
105

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb

Sabirabadda taxıl biçini başlayıb.

“İki sahil” xəbər verir ki, iyunun 15-də kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda məhsul yığımının gedişi ilə maraqlanıb.

Nazir rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatı – “Fructus-Agro Park” MMC-nin əkin sahələrinə baxış keçirib. Məlumat verilib ki, təsərrüfatın ümumi əkin sahəsi 988 hektardır. Cari təsərrüfat ilində 404 hektar sahədə buğda, 338 hektarda arpa, 65 hektarda lobya, 55 hektarda isə günəbaxan əkilib. Toxumçuluq istiqamətində fəaliyyət göstərən təsərrüfatda buğdanın “Arsenal”, “Viktoriya”, “Koralina”, “Bərəkətli” və “Əsgəran”, arpanın isə “Ştorm” və “Nuranə” sortları becərilir. Bildirilib ki, təsərrüfatda indiyədək 95 hektar arpa sahəsi biçilib. Hər hektardan orta hesabla 42 sentner məhsul əldə olunub və ümumilikdə 400 tona yaxın arpa istehsal edilib. Nazir biçin prosesini izləyib, təsərrüfat nümayəndələri və ətraf sahələrdən olan fermerlərlə söhbət edib. Müzakirələr zamanı taxıl istehsalında məhsuldarlığın artırılması, yüksək reproduksiyalı və yerli şəraitə uyğun toxum sortlarından istifadə, aqrotexniki tədbirlərin optimal müddətlərdə yerinə yetirilməsi, müasir suvarma texnologiyalarının tətbiqi və torpaqların münbitliyinin qorunması məsələlərinə toxunulub.

Məcnun Məmmədov bildirib ki, məhsuldarlığın yüksəldilməsi üçün sertifikatlı toxum materiallarından istifadə genişləndirilməli, torpaq və iqlim şəraitinə uyğun sort seçiminə üstünlük verilməli, gübrələmə, suvarma və bitki mühafizəsi tədbirləri elmi əsaslarla həyata keçirilməlidir. Nazir biçin zamanı məhsul itkilərinin minimuma endirilməsi, kombaynların fasiləsiz fəaliyyətinin təmin olunması və yetişmiş sahələrdə məhsul yığımının qısa müddətdə başa çatdırılması da diqqətdə saxlanılmalı olduğunu qeyd edib.

Fermerlər təsərrüfatda görülən işlər, biçin prosesinin təşkili və qarşıdakı dövrdə məhsuldarlığın artırılması ilə bağlı planları barədə məlumat veriblər. Görüşdə fermerlərin təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov jurnalistlərə müsahibəsində bildirib ki, ümumilikdə, 2025-ci ilin payızında Azərbaycanda 950 min hektar taxıl əkilib. Bunun 490 min hektarı arpa, 460 min hektarı isə buğdadır. "Bu günə kimi 110 min hektara yaxın sahədə biçin aparılıb ki, bu da arpa sahələrinin təxminən üçdəbirini təşkil edir. Ümumilikdə isə taxıl əkinlərinin 12-13 faizi deməkdir. Arpada məhsuldarlıq ötən illə müqayisədə hər hektara 0,2 sentner artıb. Keçən il bu günə məhsuldarlıq 31,7 sentner idisə, hazırda bu rəqəm 31,9 sentnerə bərabərdir. Bu günə kimi 2500 hektardan çox sahədə isə buğda biçini aparılıb.

Biçin işləri üçün 1144 texnika sahələrə çıxarılıb. Onlardan 480 kombayn Aqroservisə, qalanları isə fərdi və hüquqi şəxslərə məxsusdur. Hazırda biçin prosesində hər hansı çətinlik yoxdur.

Tingçiliklə bağlı dövlət proqramı çərçivəsində bir sıra qanunvericilik layihələrinə dəyişiklik təşəbbüsləri var. Bunlardan biri məhz "Toxumçuluq haqqında" Qanuna dəyişiklikdir. Qeyd edim ki, həmin qanuna son dəyişiklik 1990-cı illərin ikinci yarısında edilib. O vaxtdan bəri ciddi dəyişiklik aparılmayıb.

Toxumçuluq qanununa, tingçilik və sertifikatlaşdırılmış toxumlarla bağlı müddəalar da daxil olmaqla, əhəmiyyətli dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər Milli Məclisə təqdim olunub və onların bu ilin yay və ya payız sessiyalarında qəbul ediləcəyini gözləyirik", -deyə nazir bildirib.

Qeyd edək ki, bugünə kimi sahələrdən 336,9 min ton məhsul istehsal olunub. Taxıl üzrə orta məhsuldarlıq hektara 32,1 sentner təşkil edib. Cari ildə taxıl üzrə məhsuldarlıq göstəricilərində müsbət dinamika müşahidə edilir və respublika üzrə buğdanın orta məhsuldarlığı ötən ilin müvafiq dövründəki 32,9 sentnerdən 39,3 sentnerə yüksəlib. Beləliklə, buğda üzrə məhsuldarlıq 6,4 sentner və ya 19,5 faiz artıb. Arpanın orta məhsuldarlığı isə 31,7 sentnerdən 31,9 sentnerə çatıb.

Təsərrüfat direktoru İqbal Əliyev müsahibəsində bildirib ki, biçin işlərinə 4 gündür başlanılıb.

"Cari təsərrüfat ilində 404 hektar sahədə buğda, 338 hektarda arpa becərmişik, səpin zamanı əsasən məhsuldar və yerli iqimlimə uyğun toxumlardan istifsdə etmişik. artıq kombaynlar sahələrə çıxıb və əlverişli hava şəraitindən istifadə edərək optinal müddətdə biçin işlərini başa çatdırmağa çalışırq. Məhsuldarlıq da yüksəkdir"