16 iyun 2026 23:14
95

Yeni Dövlət Proqramı aqrar sektora nə vəd edir?

Ekspert: “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatına yalnız istehsal sahəsi kimi deyil, bütöv iqtisadi dəyər zənciri kimi yanaşmanı ortaya qoyur

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən siyasətdə kənd təsərrüfatı xüsusi yer tutur. Əhalinin ərzaq təminatının etibarlı şəkildə təşkil edilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, məşğulluğun artırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından aqrar sahə strateji əhəmiyyət daşıyan istiqamətlərdən biri hesab olunur. Son illər bu sahədə həyata keçirilən dövlət dəstəyi tədbirləri nəticəsində müəyyən irəliləyişlər əldə olunsa da, qlobal iqtisadi proseslər, iqlim dəyişiklikləri və ərzaq bazarlarında müşahidə olunan dəyişikliklər yeni yanaşmaların tətbiqini zəruri edir.

Qlobal səviyyədə baş verən geosiyasi proseslər və beynəlxalq bazarlardakı qeyri-sabitlik də ölkələrin daxili istehsal imkanlarının gücləndirilməsini prioritet məsələyə çevirib. Son illərdə müxtəlif regionlarda yaşanan münaqişələr, nəqliyyat-logistika zəncirlərində yaranan problemlər və ərzaq məhsullarının qiymətlərində müşahidə olunan dəyişikliklər göstərdi ki, ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən bir çox dövlətlər kimi, Azərbaycan da daxili istehsal potensialının artırılması, kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması və yeni investisiya imkanlarının yaradılması istiqamətində fəaliyyətini genişləndirir.

Eyni zamanda, ölkədə işğaldan azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə cəlb olunması aqrar sektor qarşısında yeni imkanlar açır. Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı istehsalının təşkili, müasir təsərrüfat modellərinin tətbiqi, yeni suvarma sistemlərinin qurulması və innovativ texnologiyalardan istifadənin genişləndirilməsi bütövlükdə ölkənin aqrar potensialının artmasına xidmət edir. Bu baxımdan qarşıdakı illərdə kənd təsərrüfatının inkişafı yalnız iqtisadi deyil, həm də sosial və strateji məqsədlərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edirlər.

Məhz belə bir şəraitdə “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi aqrar sahənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəd kimi diqqət çəkir. Yeni proqram qarşıdakı beş il ərzində kənd təsərrüfatı və ona bağlı sahələrin inkişafına dair dövlət siyasətinin əsas prioritetlərini müəyyənləşdirməklə yanaşı, ölkənin ərzaq təminatının möhkəmləndirilməsi, regionların iqtisadi fəallığının artırılması və aqrar sahənin rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

İstehsaldan ixraca qədər uzanan yeni inkişaf xətti

Kənd təsərrüfatı eksperti Akif Nəsirli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, sözügedən Dövlət Proqramı aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın artırılması, emal sənayesinin genişləndirilməsi, balıqçılıq və akvakultura sahələrinin inkişafı, həmçinin aqrar məhsulların ixrac potensialının yüksəldilməsi kimi məqsədləri qarşıya qoyur. Proqramda aqrar sektora investisiyaların cəlb edilməsi, müasir texnologiyaların tətbiqi, fermerlərin maliyyə və xidmətlərə çıxış imkanlarının artırılması da əsas hədəflər sırasında yer alır.

Bu proqram əvvəlki aqrar inkişaf proqramlarından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Əvvəlki proqramlarda diqqət əsasən kənd təsərrüfatı istehsalının artırılmasına yönəldildiyi halda, yeni proqram istehsaldan əlavə məhsulların emalı, logistika, marketinq və ixrac kimi mərhələləri də əhatə edən bütöv dəyər zəncirinin formalaşdırılmasını nəzərdə tutur. Bundan başqa, balıqçılıq və akvakultura ilk dəfə olaraq aqrar inkişafın mühüm istiqamətlərindən biri kimi ön plana çıxarılır. Proqramda torpaq konsolidasiyası, rəqəmsallaşma və institusional islahatlar kimi məsələlərə də daha geniş yer verilir.

Hədəflər aydındır, bəs sonra?..

Ekspert onu da qeyd etdi ki, yeni proqramın diqqət çəkən cəhətlərindən biri ondan ibarətdir ki, qarşıya qoyulan hədəflər kifayət qədər konkret göstərilsə də, həmin hədəflərə nail olunması üçün tətbiq ediləcək mexanizmlər və icra vasitələri tam şəkildə açıqlanmır. Bu səbəbdən proqramın uğuru yalnız müəyyən edilmiş göstəricilərdən deyil, onların həyata keçirilmə səviyyəsindən asılı olacaq.

Proqramın uğurunu müəyyən edəcək əsas amillər sırasında su ehtiyatlarının səmərəli idarə olunması xüsusi əhəmiyyət daşıyır. İqlim dəyişiklikləri və su qıtlığı şəraitində məhsuldarlığın artırılması yalnız müasir suvarma sistemlərinin tətbiqi ilə mümkün ola bilər. Digər mühüm amil torpaq sahələrinin parçalanmasının qarşısının alınması və təsərrüfatların daha səmərəli şəkildə təşkil edilməsidir. Eyni zamanda, proqramda nəzərdə tutulan investisiyaların, xüsusilə özəl sektor investisiyalarının real şəkildə cəlb edilməsi vacib şərtlərdən biridir. Fermerlərin yeni texnologiyalara, innovativ istehsal üsullarına və peşəkar biliklərə çıxışının genişləndirilməsi də proqramın nəticələrinin uğurlu olmasına ciddi təsir göstərəcək.

A.Nəsirli sonda diqqətə çatdırdı ki,  proqram aqrar sektorun inkişafına daha kompleks və uzunmüddətli yanaşma nümayiş etdirir. Lakin onun real nəticələri qarşıya qoyulan məqsədlərin nə dərəcədə effektiv icra olunacağından, dövlət dəstəyi ilə yanaşı, institusional islahatların və özəl sektorun fəallığının təmin edilməsindən asılı olacaq.

Nigar Orucova, "İki sahil"