16 iyun 2026 21:01
83

Dilçilik İnstitutunun əməkdaşı Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı fil.ü.f.d., dosent Türkan Əsgərova Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb.

“İki sahil” xəbər verir ki, T.Əsgərova bildirib ki, Azərbaycanın Fransadakı səfiri ilə görüş olduqca maraqlı keçib və müxtəlif mövzular ətrafında elmi söhbət aparmaq imkanı əldə edib. Səmimi söhbət zamanı Azərbaycan və Fransa arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edilib.

Leyla Abdullayeva iki ölkə arasındakı siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin əhəmiyyətini vurğulayaraq, bu ölkədə Azərbaycan gənclərinin təhsil almasının, elmi fəaliyyətlə məşğul olmasının və beynəlxalq əməkdaşlıq proqramlarında yaxından iştirak etməsinin vacibliyini qeyd edib. Əvvəlki illərə nisbətən çağdaş Azərbaycan gənclərinin  elmə və təhsilə qarşı marağının artması, elmin və innovasiyaların cəmiyyətin inkişafındakı rolu müzakirə edilib. Xüsusilə texnologiyanın sürətli inkişafı, süni intellektin tətbiqi və elmi tədqiqatların gələcək perspektivləri haqqında maraqlı fikirlər irəli sürülüb.

Söhbətin sonunda Türkan Əsgərova dəyərli vaxını ayırıb səmimi və dostcasına keçən bu görüşü təşkil etdiyi üçün Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayevaya dərin minnətdarlığını bildirirərək, ona dəyərli və məsuliyyətli işində bol-bol nailiyyətlər arzu edib. Görüşün sonunda isə Türkan Əsgərova müəllifi olduğu  kitabı xanım səfirə təqdim edib və xatirə şəkli çəkilib.

Qeyd edək ki, fil.ü.f.d., dosent Türkan Əsgərova hazırda Fransanın Ruan Normandiya Universitetinin Humanitar Elmlər fakültəsinin Dilçilik kafedrasının tabeliyindəki “Konteksdə dilin dinamikası” (DyLis UR 7474) Elmi Tədqiqat Mərkəzində tədqiqat aparmaq üçün elmi ezamiyyətdədir.