17 iyun 2026 11:30
86

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb

İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Azərbaycan arasında bir sıra sazişlərin mübadiləsi baş tutub.

“İki sahil” xəbər verir ki, xüsusilə ICD ilə SOCAR arasında Azərbaycanda maliyyələşdirmə, investisiya və konsaltinq imkanlarının araşdırılması sahəsində əməkdaşlığa dair saziş, həmçinin ICD ilə "Azərbaycan Biznesin İnkişafı Fondu" arasında 200 milyon manat məbləğində saziş imzalanıb. Bu saziş Azərbaycanda meyarlara uyğun özəl sektor şirkətlərinin maliyyələşdirilməsi məqsədilə maliyyə institutlarına milli valyutada kredit xətlərinin təqdim olunması üzrə əməkdaşlığın çərçivəsini müəyyən edir.

Bununla yanaşı, ICD ilə “Turkic Investment Fund” arasında 50 milyon dollar məbləğində çərçivə sazişi, ICD ilə "Azerconnect Group" arasında 20 milyon dollar həcmində birbaşa maliyyələşdirmə xəttinin təqdim edilməsinə dair, eləcə də ICD ilə "TuranBank" arasında 15 milyon dollar məbləğində kredit xəttinin ayrılmasına dair sənədlərin mübadiləsi həyata keçirilib. Sözügedən kredit xətti ICD tərəfindən banka təqdim olunacaq və daha sonra Azərbaycanda meyarlara cavab verən özəl sektor şirkətlərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Həmçinin “International Islamic Trade Finance Corporation" ilə "Rabitabank" arasında 10 milyon dollar məbləğində maliyyələşdirmə şərtlərinə dair məktubun (Term Sheet) mübadiləsi baş tutub.

İmzalanan və mübadilə edilən sənədlərin ümumi dəyəri 295 milyon dollar həcmində qiymətləndirilir.