17 iyun 2026 14:37
97

Mikayıl Cabbarov: İsDB ilə əməkdaşlıq Azərbaycanın inkişafında mühüm rol oynayıb

Azərbaycan ilə İslam İnkişaf Bankı (İsDB) Qrupu arasında əməkdaşlıq ölkənin inkişafında mühüm rol oynayıb.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bankın 51-ci İllik Toplantıları çərçivəsində "Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq" mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında deyib.

Nazir bildirib ki, İsDB Qrupunun sədri Məhəmməd Əl-Casirin tədbirdə iştirakı böyük əhəmiyyət daşıyır və Azərbaycanın builki illik toplantıya ev sahibliyi etməsi ölkə üçün qürurvericidir: "Azərbaycan ilə İsDB arasındakı tərəfdaşlığın keyfiyyəti və gələcəyə baxış uzun illərə söykənən münasibətlərdən qaynaqlanır. İsDB Azərbaycana üzv olduğu ilk illərdən etibarən dəstək göstərib. Bank ölkəmizdə baş verən dinamik dəyişikliklərə, inkişaf və modernləşmə proseslərinə mühüm töhfələr verib".

M.Cabbarov vurğulayıb ki, bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək: "Bu günədək əldə olunan nəticələri yüksək qiymətləndiririk. Qarşıdakı dövrdə İsDB ilə daha çox birgə layihələrin həyata keçirilməsini və əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyirik. Özəl sektorun inkişafı hazırda həm bank, həm də üzv ölkələr üçün prioritet istiqamətlərdən biridir və bu sahədə tərəfdaşlığın daha da gücləndirilməsi üçün geniş imkanlar mövcuddur".