Böyük Britaniyanın ən nəhəng və təxminən 1200 yaşlı palıd ağaclarından biri çox güman ki, quruyaraq məhv olub.
“İki sahil” xəbər verir ki, bu barədə "BBC" Kral Quşların Mühafizəsi Cəmiyyətinin ekspertlərinə istinadla məlumat yayıb. Şervud meşəsindəki bu məşhur "Böyük Palıd" (The Major Oak) ağacı xalq arasında Robin Qud əfsanələri ilə sıx bağlıdır.

Mütəxəssislərin sözlərinə görə, son illərdə ağacın yarpaqlarının keyfiyyətində və sayında ciddi azalma müşahidə olunurdu. Bu ilin yazında isə ağac ilk dəfə olaraq ümumiyyətlə yarpaqlamayıb. Təşkilat rəsmiləri ağacın məhv olmasının dəqiq səbəbini müəyyən etməyin çətin olduğunu bildiriblər. Əsas amillər sırasına ağacın ətrafındakı "həddindən artıq insan aktivliyi", eləcə də vaxtilə ağacı qorumaq üçün edilən "xoşniyyətli, lakin uğursuz müdaxilələr" daxildir. Ekspertlər həmçinin iqlim dəyişikliyini, kəskin isti dalğalarını və quraqlığı da əsas səbəblərdən biri kimi qeyd edirlər.
Cəmiyyətdən verilən əlavə məlumata görə, çoxsaylı turist axını səbəbindən ağacın ətrafındakı torpaq qatı həddindən artıq bərkiyib. Bu isə yağış sularının torpağa sızmasına və köklərin oksigen qəbul etməsinə mane olub. Hələ 1970-ci illərdən etibarən ağacın ətrafı hasarlansa və onun nəhəng budaqlarını saxlamaq üçün xüsusi dayaqlar quraşdırılsa da, bu tədbirlər də qocalmış ağacı xilas edə bilməyib və bəlkə də onun ölümünü sürətləndirib.

Buna baxmayaraq, palıd ağacı Şervud meşəsində vəhşi təbiət üçün sığınacaq və turistlər üçün "təbiət abidəsi" olaraq qalmağa davam edəcək. Ağacın tamamilə çürüyüb torpağa qarışması hələ bir neçə onillik çəkəcək. Yaxşı xəbər budur ki, bu illər ərzində "Böyük Palıd"dan alınan tinglər dünyanın dörd bir tərəfində əkilib və onun nəsli yaşayır.
Qeyd edək ki, bu tarixi ağac Nottinghemşir qraflığındakı Şervud meşəsində yerləşir. Əfsanəyə görə, əfsanəvi qəhrəman Robin Qud palıd ağacının içiboş gövdəsindən özünün gizli sığınacağı kimi istifadə edib. Ağacın indiki adı isə ilk dəfə 1790-cı ildə mayor Heyman Ruk tərəfindən yazılmış kitabda qeyd edildikdən sonra tarixə düşüb və bura kütləvi turist axınının əsasını qoyub.