18 iyun 2026 15:33
154

Britaniyalı arxeoloqlar Stounhencin daha qədim versiyasını aşkar ediblər

Arxeoloqlar məşhur Stounhenc abidəsindən təxminən 5 km aralıda, İngiltərənin Bulford kəndində, bu tarixi tikilinin daha qədim və xeyli sadə versiyasını aşkar ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Hündürlüyü 2 metrdən 4 metrə qədər olan və bir-birindən 120 metr məsafədə yerləşən iki taxta dirəkdən ibarət bu konstruksiyadan dövrümüzə yalnız torpaqdakı dərinliklər (oyuqlar) gəlib çatıb. Alimlər müəyyən ediblər ki, bu dirəklər eynilə Stounhencin daşları kimi Günəşə doğru istiqamətlənib. İlkin analizlər bu tikilinin öz məşhur "qonşusundan" təxminən 500 il daha qədim olduğunu göstərir. Tapılan oyuqların ətrafından çoxlu sayda artefakt — keramika qalıqları və çaxmaqdaşından hazırlanmış alətlər aşkar edilib. Tədqiqatçılar hesab edirlər ki, bu kənd sonradan Stounhenci ucaltdığı güman edilən icmaların mövsümi toplaşma yeri ola bilərdi.

Qazıntılara rəhbərlik edən "Wessex Archaeology" şirkətinin mütəxəssisi Fil Hardinq qeyd edir ki, "bu iki dirək oyuğu və ətrafdakı əşyalar bizə təxminən 5 min il əvvəl yaşamış insanlar haqqında əvvəllər bildiyimizdən qat-qat çox şey danışır. Bütöv bir icma haqqında, onların necə düşündüyü, özlərini necə apardıqları və göylərə necə sitayiş etdikləri barədə bəhs edir".