19 iyun 2026 15:14
93

Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfdaş qurumlarla əməkdaşlıq çərçivəsində gənclərin peşəkar inkişafına töhfə verir - ÖZƏL

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) müxtəlif dövlət qurumları, ali təhsil müəssisələri, mədəniyyət təşkilatları, yerli icra hakimiyyətləri və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində fəaliyyətini davam etdirir.

GİKM-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Nuranə Rzayeva “İki sahil”ə açıqlamasında bildirib ki, bu əməkdaşlıqlar gənclərin ideya və təşəbbüslərinin daha geniş auditoriyaya təqdim olunmasına, eləcə də onların mütəxəssislər tərəfindən dəyərləndirilməsinə şərait yaradır.

Onun sözlərinə görə, müxtəlif şəhər və rayonlarda yerli qurumlarla birgə təşkil olunan tədbirlərdə şəhərsalma və memarlıq sahəsində fəaliyyət göstərən ekspertlərin iştirakı gənclərlə peşəkarlar arasında birbaşa dialoqun qurulmasına imkan verir.

N. Rzayeva qeyd edib ki, bu istiqamətdə həyata keçirilən ən uğurlu layihələrdən biri “Gənc memarlar üçün karyera imkanları” forumudur. Forum çərçivəsində keçirilən “Əmək bazarı və gənc memarlar: imkanlar və çağırışlar” mövzusunda panel müzakirəsində iştirakçılar əmək bazarının tələbləri, karyera imkanları və peşəkar inkişaf yolları barədə ətraflı məlumat əldə ediblər.

O əlavə edib ki, eyni zamanda gənclər ekspertlərə suallar ünvanlayıb, öz layihə və ideyalarını təqdim etmək imkanı qazanıblar.