22 iyun 2026 12:47
106

Ölkədə özünütəminetmə səviyyəsi tərəvəz üzrə 107 faiz, meyvə və giləmeyvə üzrə 140 faiz təşkil edir

Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahələrdən biridir. 2025-ci ildə aqrar sektor ölkənin ümumi daxili məhsulunun 5,9 faizini, qeyri-neft-qaz ümumi daxili məhsulunun isə 8,3 faizini formalaşdırıb. Eyni zamanda, ölkənin torpaq fondunun 55 faizi kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur, ümumi su istehlakının isə 71 faizi məhz bu sahənin payına düşür.

“İki sahil” xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bu amillər nəzərə alınaraq, 2004-cü ildən etibarən iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatının inkişafına yönəlmiş ardıcıl tədbirlər həyata keçirilməyə başlanıb. Həmin dövrdə aqrar sahənin müxtəlif istiqamətləri üzrə bir sıra dövlət proqramları qəbul edilib. Üzümçülük, pambıqçılıq, sitrus meyvəçiliyi və çayçılığın inkişafına dair sahəvi dövlət proqramları müvafiq istiqamətlərin inkişafına mühüm təkan verib. Bununla yanaşı, kənd təsərrüfatında genişmiqyaslı və çoxşaxəli subsidiya mexanizmləri, istehsal vasitələrinin güzəştli şərtlərlə satışı, güzəştli kreditləşmə, aqrar sığorta və digər dövlət dəstəyi alətləri tətbiq olunur.

"Həyata keçirilən tədbirlərin nəticəsi olaraq hazırda ölkədə özünütəminetmə səviyyəsi tərəvəz üzrə 107 faiz, meyvə və giləmeyvə üzrə 140 faiz, kartof üzrə isə 91 faiz təşkil edir. Tərəvəz ixracının həcmi 214 min ton, meyvə ixracının həcmi isə təxminən 600 min tondur. Azərbaycan fındıq ixracına görə dünyada dördüncü, xurma ixracına görə ikinci, şaftalı və nektarin ixracına görə isə doqquzuncu yerdədir. Çiyələk, albalı, pomidor və pambıq lifi ixracına görə də ölkəmiz dünya üzrə ilk iyirmilikdə yer alır", - deyə Məcnun Məmmədov əlavə edib.