22 iyun 2026 12:53
106

Son 5 ildə Biləsuvarda aqrar sektora 49,6 milyon manat investisiya yatırılıb

Son 5 ildə Biləsuvarda aqrar sektora 49,6 milyon manat investisiya yatırılıb.

“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Biləsuvarda keçirilən regional müşavirədə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov deyib.

Onun sözlərinə görə, rayonun torpaq fondu 135 min 789 hektardır. Bunun da 110 min 456 hektarı kənd təsərrüfatına yararlı torpaq sahələridir. Kənd təsərrüfatına yararlı torpaq sahələrinin 65 min 378 hektarı əkin, 41 min 638 hektarı örüş-otlaq, 3440 hektarı isə digər torpaq sahələrinə aiddir (çoxillik əkmələr, həyətyanı, dincə qoyulmuş torpaqlar). Biləsuvar rayonu üzrə mövcud olan əkin sahələrinin 58 min 292 hektarı suvarılan torpaqlardır ki, bundan 5700 hektarı çətin suvarılan sahələrdir.

İcra başçısı bildirib ki, ötən il Biləsuvarda pambıq sahələrində məhsuldarlıq 40,5 sentner olub. Növbəti illərdə məhsuldarlığın 45-50 sentnerə çatdırılması planlaşdırılır.