CASCFEN sədrindən rəhbər heyətə, tərəfdaşlara və dəstəkçilərə təşəkkür
İdarəçilik modeli və fəaliyyəti dövründə formalaşdırdığı müsbət ənənələri ilə seçilən “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi daha bir nümunəvi ənənənin əsasını qoyub. Təşkilatın yenidən seçilən sədri, Əməkdar jurnalist Nadir Azəri ötən hesabat dövründə CASCFEN-in fəaliyyətinə töhfə vermiş şəxslərə, təşkilatın rəhbər strukturlarında təmsil olunmuş üzvlərə, regional nümayəndələrə, sədrin müşavirlərinə, həmçinin mediaya, səfirliklərə, tərəfdaş qurumlara və dəstəkçilərə təşəkkür məktubu ünvanlayıb.
CASCFEN-in Mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, məktubda qeyd olunub ki, son iki il ərzində təşkilatın inkişafı, fəaliyyət coğrafiyasının genişlənməsi və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bu fəaliyyətlərdə xüsusi xidmətlərinə görə İdarə Heyətinin, eləcə də Nəzarət-Təftiş Komissiyasının ötən dövrdəki üzvlərinin xidmətləri yüksək qiymətləndirilib.
Təşəkkür məktubunda CASCFEN-in regionlarda təşkilatlanmasına verdikləri töhfələrə görə Naxçıvan və Quba–Xaçmaz iqtisadi rayonu üzrə təmsilçiliklərinin rəhbərlərinin fəaliyyəti ayrıca vurğulanıb. Həmçinin Güney Azərbaycan, Türkiyə ilə əlaqələr, Beynəlxalq təlim proqramları və təhsil layihələri, eləcə də Orta Asiya ölkələri, Yaxın Şərq ölkələri ilə əlaqələr üzrə müşavirliklərin fəaliyyəti yüksək dəyərləndirilib.
Bundan başqa Nadir Azəri məktubunda Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, müxtəlif dövlət təşkilatları və özəl qurumlara, Türkiyənin, Qazaxıstanın, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı səfirliklərinə, CASCFEN-in dostu olan Azərbaycanın millət vəkillərinə, təşkilatın fəaliyyətini işıqlandıran Azərbaycanın və digər türk dövlətlərinin media qurumlarına, eləcə də İctimai Birliyin yerli və beynəlxalq tərəfdaşlarına göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.
Məktubda eyni zamanda, Türkiyəninın Daşkənddəki Səfirliyinin mətbuat müşaviri Prof. Dr. Mehmet Yüce, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç və Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz başda olmaqla Türk dünyasının dəyərli ziyalılarına, həmçinin, CASCFEN-in rəsmi xarici tərəfdaşları olan Türkiyənin Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinə və İzmir Azərbaycan Dərnəyinə, o cümlədən təşkilatla əməkdaşlıq edən Eskişehir Azərbaycanlılar Dərnəyi, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti, TADEF, Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinə xüsusi təşəkkür ifadə olunub.
Məktubun sonunda bildirilib ki, qarşıdakı dövrdə də Türk dünyasında həməryliyin daha da gücləndirilıməsi, həmçinin qarşılıqlı etimad, dostluq və ortaq dəyərlər əsasında əməkdaşlığın daha da genişlənməsi istiqamətində birgə fəaliyyət davam etdiriləcək.
QHT-lər üçün DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə infotur təşkil edilib
Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri DOST Mərkəzi ilə tanış olub