23 iyun 2026 13:45
90

Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bakıda Dövlət Turizm Agentliyi və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin birgə təşkilatçılığı ilə “AQEM ölkələrində dairəvi yaşıl turizm” (“Circular Green Tourism in the CICA Countries”) mövzusunda beynəlxalq konfrans keçirilir.

“İki sahil” xəbər verir ki, konfransda AQEM Katibliyi ilə yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Monqolustan, Hindistan, Kamboca, Şri-Lanka, Tailand, Vyetnam, İran, Misir, İordaniya, İsrail, Fələstin daxil olmaqla üzv dövlətlərin nümayəndə heyətləri iştirak edirlər.

Tədbirin açılış mərasimində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, “dairəvi yaşıl turizm” turizm sahəsinin gələcək inkişaf istiqamətini müəyyən edən aktual yanaşmalardan biri kimi çıxış edir. O qeyd edib ki, indiyədək Azərbaycanda turizmin dayanıqlı inkişafı istiqamətində ekoturizm və aqroturizm istiqamətlərinin formalaşdırılması, təbiət əsaslı turizm marşrutlarının inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Fuad Nağıyev, həmçinin konfransın AQEM ölkələri arasında əməkdaşlığın möhkəmlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verəcəyini vurğulayıb.

AQEM-in Baş katibi Kayrat Sarıbay çıxışında “AQEM ölkələrində dairəvi yaşıl turizm” təşəbbüsünün regionda dayanıqlı və ekoloji məsuliyyətli turizmin inkişafına töhfə verdiyini vurğulayıb. Baş katib turizmin iqtisadi sahə olmaqla yanaşı, mədəni dialoq və etimadın möhkəmləndirilməsi üçün vacib platforma olduğunu vurğulayıb. O, bu konfransın layihənin yekun mərhələsi kimi nəticələrin təqdimatı və qabaqcıl təcrübələrin paylaşılması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Konfrans çərçivəsində keçirilən müzakirələrdə turizm kəndlərinin yaradılması, yerli təşəbbüslərə dəstək mexanizmləri, qrant proqramları, təlim fəaliyyətləri və təbiət əsaslı turizm məhsullarına investisiyalar vasitəsilə yerli icmalar üçün yeni imkanların formalaşdırılması məsələləri müzakirə olunacaq.