Ali təhsil müəssisələrinə qəbul üçün keçid ballarının yüksəlməsi gözlənilmir, bu il nəticələr təxminən keçən ilki səviyyəsindədir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Baku TV-yə müsashibəsində deyib.
Onun sözlərinə görə, müxtəlif qiymətləndirmə prosedurları və müasir qiymətləndirmə şkalaları mövcuddur: "Bizim qiymətləndirmə prosedurlarımız ən sadə prosedurlardandır. Keçid ballarının necə formalaşdığını biz artıq 30 ildir izah edirik. Birincisi, müsabiqəyə buraxılma şərti var. Yəni siz müəyyən bir bal toplamalısınız ki, müsabiqəyə buraxılasınız. Müxtəlif istiqamətlər üzrə bu hədd fərqlidir: 200 bal, 150 bal, bəzi qabiliyyət tələb edən ixtisaslarda isə 60 bal ola bilər. İlk olaraq, siz müsabiqəyə buraxılırsınız. Həmin istiqamət üzrə neçə nəfərin bu balı topladığı hər il fərqli ola bilər. İkincisi, həmin istiqamət üzrə neçə plan yeri ayrıldığı da ildən-ilə dəyişir. Üçüncüsü, sizin seçmək istədiyiniz ixtisasa neçə nəfərin ərizə verməsi də hər il fərqli olur.
Təsəvvür edin ki, imtahanda 100 min nəfər iştirak edir və onlardan, məsələn, 60 min nəfər müsabiqəyə buraxılır. Bu qədər iştirakçının hansı ixtisası seçəcəyini, kimlərin hansı istiqamətə üstünlük verəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma son 30 ildə, xüsusilə də son 10 ildə müəyyən tendensiyaları müşahidə edirik".
DİM sədri vurğulayıb ki, ənənəvi seçimlər var: "Amma bu ənənəvi seçimlər zamanla dəyişir. Son 10 ildə informasiya texnologiyalarına marağın necə artdığına diqqət edin. Bundan sonra da dəyişikliklər olacaq. Bu proses tədricən gedir. Bir il əvvəldən deyə bilmərik ki, hansısa ixtisas üzrə keçid balları aşağı düşəcək, yoxsa artacaq. Təbii ki, ola bilər ki, hansısa ixtisas bağlansın və ya plan yerləri azalsın. Bu halda keçid balları arta bilər. Hazırda gözləntimiz odur ki, plan yerləri təxminən keçən ilin səviyyəsində olacaq. Amma hələ bununla bağlı yekun məlumat yoxdur".
M.Abbaszadə əlavə edib ki, keçid ballarını formalaşdıran əsas amillərdən biri də abituriyentlərin bilik səviyyəsidir: "Bu il nəticələr təxminən keçən ilin səviyyəsindədir. Ona görə də hansısa kəskin sıçrayışın və ya ciddi enişin olacağını əvvəlcədən söyləmək düzgün deyil. Biz ümumilikdə keçən ilki səviyyəni gözləyirik. Bununla belə, müəyyən dəyişikliklər ola bilər".