24 iyun 2026 14:11
92

Vüsal Qasımlı XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda açılış nitqi ilə çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunun (AIIF-2026) açılış mərasimində çıxış edib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən forumda çıxış edən Vüsal Qasımlı bildirib ki, tədbirin gündəliyində yer alan özəl pensiya sistemləri, təkrarsığorta və təbii fəlakət riskləri, həyat və sağlamlıq sığortası, peşəkar təhsil və sığorta brokerliyi kimi mövzular sektorun gələcəyini müəyyən edən strateji istiqamətləri əhatə edir. O vurğulayıb ki, bu mövzuların beynəlxalq ekspertlərlə birgə müzakirəsi həm qabaqcıl təcrübələrin öyrənilməsi, həm də Azərbaycan sığorta bazarının dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

İcraçı direktor qeyd edib ki, Azərbaycan Respublikasında həyata keçirilən ardıcıl iqtisadi islahatlar, xüsusilə də "Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiqi maliyyə sektorunun modernləşdirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi və innovativ maliyyə həllərinin tətbiqinə təkan verməklə yanaşı, sığorta bazarının daha dayanıqlı və inklüziv inkişafı üçün yeni perspektivlər açıb.

V.Qasımlı vurğulayıb ki, son illər Azərbaycan sığorta bazarının nümayiş etdirdiyi dinamika sektorun əhəmiyyətli inkişaf potensialına malik olduğunu aydın şəkildə göstərir. Onun sözlərinə görə, 2022–2025-ci illər ərzində ölkədə toplanmış sığorta haqları 971 milyon manatdan 1,5 milyard manata yüksələrək təxminən 55 faiz artıb. Eyni dövrdə sığorta ödənişlərinin həcmi isə 433 milyon manatdan 921 milyon manata çataraq iki dəfədən çox artıb.

Çıxış zamanı bildirilib ki, adambaşına düşən sığorta haqları 2022-ci ildəki 95 manatdan 2025-ci ildə 147 manata yüksəlib, sığorta penetrasiyası isə 0,73 faizdən 1,17 faizə çatıb. Həmçinin həyat sığorta şirkətlərində aktivlərin rentabelliyi təxminən 8 faiz səviyyəsində sabit qaldığı halda, qeyri-həyat sığorta şirkətlərində bu göstərici 4 faizdən 7 faizə yüksəlib.

İcraçı direktor diqqətə çatdırıb ki, 2025-ci ildə unikal sığorta müqaviləsi sahiblərinin yetkin əhali arasında payı 25 faiz təşkil edib. "Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində isə bu göstəricinin 32 faizə çatdırılması hədəflənir.

Vüsal Qasımlı qeyd edib ki, qlobal miqyasda investisiya davranışlarının dəyişməsi, texnoloji həllərin geniş tətbiqi və risklərin idarə olunmasında daha çevik yanaşmaların formalaşması sığorta sektorunun yeni inkişaf modelinə keçidini sürətləndirir. O bildirib ki, ölkəmizdə həyata keçirilən institusional islahatlar və strateji dövlət proqramları sığorta bazarının modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

Qeyd edək ki, iki gün davam edəcək XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda 20-dən çox ölkədən dövlət qurumlarının nümayəndələri, sığorta və təkrarsığorta şirkətlərinin rəhbərləri, broker təşkilatlarının təmsilçiləri, beynəlxalq ekspertlər və maliyyə sektoru üzrə peşəkarlar iştirak edirlər.