Azərbaycanda çimərlik mövsümündə suda boğulma hallarının baş verməsinə səbəb olan əsas risk faktorları açıqlanıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili “İki sahil”ə özəl müsahibəsində bildirib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüf ki, bəzi vətəndaşlar tərəfindən hələ də nəzarətsiz qeyri-çimərlik ərazilərindən istifadə hallarına rast gəlinir.

Onun sözlərinə görə, xüsusilə uşaq və yeniyetmələrin çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən istifadə etməsi bir sıra hallarda acı nəticələrlə yekunlaşır.
A.Əlili qeyd edib ki, suda boğulma hallarına səbəb olan ən çox rast gəlinən risk faktorları çimmək üçün nəzərdə tutulmayan ərazilərə daxil olmaq, xilasedici nəzarəti olmayan yerlərdə çimmək, küləkli və dalğalı hava şəraitində suya girmək, spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə suya daxil olmaq, eləcə də uşaqların nəzarətsiz buraxılmasıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”