Azərbaycanda milli-azadlıq hərəkatı genişlənmişdi. Bu mübarizənin nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Gənc Azərbaycan dövləti bütün dövlətçilik təsisatları kimi ordusunu da yaratmağa başladı. Azərbaycanda ordu quruculuğu mürəkkəb bir dövrə təsadüf etmişdi, ordu yaradıla-yaradıla formalaşırdı, formalaşa-formalaşa yaradılırdı. Həmin dövrlərdə Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başlamışdı. Ərazilərimizi yerli müdafiə batalyonları, əhali, milis dəstələri müdafiə edirdi.
Azərbaycanda yaranmış siyasi gərginlik genişlənirdi. Səriştəsizlik, ambisiyalar, yaradılan ordu hissələrinin müxtəlif qruplaşmaların mənafeyinə xidmət etməsi, dövlətdən ayrılma meyilləri Azərbaycan dövlətçiliyinin varlığına böyük təhlükə yaratmışdı. Bu vəziyyət düşmənin hərbi əməliyyatlarını da intensivləşdirmişdi. Xalq ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Xalqın səsini həmişə eşidən, səsi həmişə xalqın səsi ilə qoşa eşidilən böyük tarixi şəxsiyyət bu dəvəti qəbul etdi, Bakıya qayıtdı. Ali Sovetin sədri, sonra xalqın böyük əksəriyyətinin səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Azərbaycan dövlətçiliyində, yeni dövlətçiliyin ordu quruculuğunda yeni mərhələ oldu.
Azərbaycanın nizami ordusu yox idi. Heydər Əliyev yerli müdafiə batalyonlarının buraxılması haqqında sərəncam imzaladı. Bu sərəncam nizami ordu quruculuğunun başlanğıcı oldu. Orduda vahid komandanlıq yaradıldı. Şəxsi heyətin döyüş hazırlığı ilə bir sırada mənəvi-psixoloji hazırlığının da yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Heydər Əliyevin Ali Baş Komandan kimi döyüş bölgələrində, səngərlərdə əsgər və zabitlərlə görüşməsi, xidmətdə fərqlənənləri təltif etməsi belə mühüm prosesi daha da sürətləndirdi. Ali Baş Komandanın sərkərdəliyi ilə Horadiz əməliyyatı ordunun əsgər və zabitlərinin döyüş əzmini də, qələbə ruhunu da artırdı. Mənəvi-psixoloji hazırlıq bu qələbənin inamı üzərində formalaşmağa başladı...
1994-cü ilin may ayında cəbhə xəttində ikitərəfli atəşkəs elan olundu. Ermənistan bu razılaşmaya əməl etməsə də ordu quruculuğunun formalaşmasına imkan yaratmışdı. Dövlətin güclənməsi həm onun iqtisadi qüdrətindən, həm də ordusunun gücündən asılıdır. Bunu dövlətin daxili siyasəti üçün prioritet edən dahi tarixi şəxsiyyət Azərbaycan dövlətinin də, Azərbaycan Ordusunun da gücləndirilməsi üçün daha əlverişli imkanlar yaratdı, ordunun təşkilatlandırılmasına, inkişaf etdirilməsinə xüsusi diqqət yetirdi: "Müstəqil respublikanın gərək güclü ordusu olsun. Bu gün torpaqlarımızı müdafiə etmək üçün belə ordu bizə hava-su kimi lazımdır. Belə ordu sabah, gələcək üçün, müstəqil respublikamızın müstəqilliyini təmin etməkdən ötrü də lazımdır. Dünyanın heç bir müstəqil dövləti ordusuz yaşaya bilməz. Xüsusən də, yenicə müstəqilliyini qazanmış və belə bir mürəkkəb regionda yaşayan Azərbaycan dövləti. Ona görə də ordu quruculuğu, ordu yaratmaq hər birimizin müqəddəs borcudur. Biz bunu bilməliyik. Xüsusən, müstəqillik haqqında həddindən artıq düşünən, müstəqillik arzusunda olan adamlar bilməlidirlər ki, güclü ordusuz müstəqillik ola bilməz".
Azərbaycan Ordusu nizami ordu kimi formalaşır, beynəlxalq təlimlərdə uğurla iştirak edirdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu gün rəsmi dövlətçilik bayramlarından biridir.
Ordunun döyüş hazırlığının yüksəldilməsi həm də hərbi təhsillə bağlıdır. Dövlət başçısının müvafiq fərmanları ilə Azərbaycanda yeni hərbi təhsil müəssisələri yaradıldı; Azərbaycanda fəaliyyətdə olan hərbi məktəblər həm struktur etibarilə yeniləşdirildi, həm də ayrıca ali hərbi məktəb statusuna malik oldu: Azərbaycan Ali Hərbi Məktəbi (indiki Azərbaycan Hərbi İnstitutu), Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi. Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması da peşəkar hərbçi kadrlar hazırlığı prosesində əhəmiyyətli oldu...
Azərbaycan 1994-cü ilin əvvəllərində NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Azərbaycanın ordu hissələri sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda, İraqda iştirak etdi, NATO standartlarının ordumuza inteqrasiyası təmin edildi, Azərbaycan Ordusu dünyanın inkişaf etmiş ordularından biri oldu.
Ordunun təşkilatlandılrılması ilə bağlı Heydər Əliyev deyirdi ki, “Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın əsas vəzifəsidir. ...Biz orduya xüsusi qayğı göstərməliyik, onu möhkəmləndirməli və inkişaf etdirməliyik”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordu quruculuğunu yeni mərhələyə yüksəltdi: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir...”
Azərbaycan Ordusunun inkişaf mərhələləri haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev deyirdi: “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.
Azərbaycanda Ordu quruculuğu dönməz bir proses idi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük tarixi şəxsiyyətin siyasi kursunu bu istiqamətdə də sədaqətlə davam etdirir, daha da dönməzləşdirir. Ən müasir döyüş texnikalarına malik olan ordumuzu hərbi təyinatlı məhsullarla Azərbaycanın hərbi təyinatlı zavodları da təmin edir.
2016-cı ilin Aprel döyüşləri, Tovuz döyüşləri, Günnüt əməliyyatı İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfəri stimullaşdıran hərbi əməliyyatlar idi. Müdafiədən hücum döyüşləri kimi davam edən bu döyüşlər Azərbaycan Ordusunun döyüş qüdrətinin göstəricisi adlandırıldı...
Qürurla “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığını dövlətə, dövlətçiliyə böyük sədaqətlə yüksəldib, indi də yüksəldir. 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun hissələri Azərbaycanın ərazilərinə geniş miqyaslı hücum etdi. Ordu hissələrimiz bu hücumun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi, qısa müddətdə düşmənin işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, yenilədiyi müdafiə səddlərini dağıtdı, döyüşə-döyüşə ilkin qələbələr qazandı, ərazilərimizi işğaldan azad etdi.
Vətən müharibəsində xalqa müraciətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı: 2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildi, noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu sənəd Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. 2023-cü il sentyabrın 20-də antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu qələbələr Azərbaycan Ordusunun qüdrəti kimi tarixləşdi. Ordumuz dünyanın ən güclü ordularından biridir. Hər bir azərbaycanlı indi güclü ordusu ilə daha böyük sevgilərlə qürurlanır. Bu qürur - Silahlı Qüvvələr Günü daha möhtəşəm qürurdur. Bu qüruru hər birimiz böyük dövlətçilik Günü kimi qeyd edirik. Dövlətçilik bayramlarımızdan biri olan Silahlı Qüvvələr Günümüz tarixin günüdür, tarixi gündür...
Zəfər muzeyləri qalib Azərbaycan Ordusunun qüdrətinin tarixi eksponatlarıdır. Bu Zəfər tarix yaratdı, yaradılan tarix tarixdə yaşadılır, yaşadılacaq...
Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Bakıda keçirilən parad da Orduya ehtiramın, dövlətə sədaqətin tədbiri oldu. Dünya gördü ki, Azərbaycanda orduya sevgi dönməzdir, vətəndaşlıq borcunun tərkib hissələrindəndir...
2021-ci il iyunun 15-də Şuşada Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi də Azərbaycan Ordusunun gücünə, qüdrətinə inamın təzahürüdür...
Böyük tarixi şəxsiyyət müasir Azərbaycanın dövlətçilik memarı Heydər Əliyev deyirdi: “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”. Azərbaycan güclü silahlı qüvvələrə malikdir, bu baxımdan Azərbaycanın müstəqilliyi etibarlıdır, əbədidir. Biz belə bir dövlətin vətəndaşlarıyıq!
Səbinə Xasayeva,
Milli Məclisin deputatı