Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Aqrar Təlim Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində maarifləndirici təlimlər və sahə görüşlərinin keçirilməsi davam etdirilir. “İki sahil” xəbər verir ki, tədbirlər bölgələrin torpaq-iqlim şəraiti və kənd təsərrüfatı üzrə ixtisaslaşması nəzərə alınaraq keçirilir. Növbəti sahə görüşü Sabirabad rayonunun Bulaqlı kəndində “Pambıqçılıqda məhsuldarlığın artırılması və inteqrir mübarizə üsulları” mövzusunda baş tutub.
Görüşün əsas məqsədi pambıq istehsalçılarını məhsuldarlığın artırılması yolları, bitkilərin sağlam inkişafının təmin edilməsi, zərərverici və xəstəliklərə qarşı müasir, effektiv və ekoloji cəhətdən təhlükəsiz mübarizə üsullarının tətbiqi barədə məlumatlandırmaq, həmçinin qabaqcıl aqrotexniki təcrübələrin və innovativ yanaşmaların fermerlər arasında geniş yayılmasına dəstək göstərməkdir. Tədbir “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulan inteqrir bitki mühafizə tədbirlərindən istifadənin genişləndirilməsi, eləcə də informasiya-məsləhət xidmətləri və innovasiyaların yayımı sisteminin inkişaf etdirilməsi tədbirlərinin icrası çərçivəsində təşkil olunub.
Tədbirdə pambıqçılıqda məhsuldarlığın artırılmasına təsir edən əsas amillər barədə ətraflı məlumat verilib. Təqdimat zamanı düzgün aqrotexniki tədbirlərin vaxtında və səmərəli tətbiqi, bitkinin inkişaf mərhələlərinə uyğun qulluq işlərinin aparılması, qidalanma və suvarma rejiminin düzgün təşkili, eləcə də yüksək və keyfiyyətli məhsul əldə etməyin effektiv üsulları iştirakçıların diqqətinə çatdırılıb, praktik tövsiyələr verilib.
Daha sonra AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin əməkdaşları tərəfindən pambıq əkinlərinə ciddi ziyan vuran pambıq sovkasına qarşı mübarizədə tətbiq olunan bioloji üsullar barədə məlumat verilib. Həmçinin AXA-nın bioloji agentlərin istehsalı laboratoriyasında yetişdirilmiş trixoqrammaların pambıq sahəsinə buraxılması nümayiş etdirilib və onların sahədə tətbiqi izah olunub.