25 iyun 2026 17:48
78

Aqrar Sığorta Fondu Goranboyda fermerlərə sığorta ödənişləri edib

Azərbaycanda dövlətin aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır.

“İki sahil” xəbər verir ki, Aqrar Sığorta Fondu tərəfindən təqdim olunan aqrar sığorta bitkiçilik və heyvandarlıq təsərrüfatlarını çoxsaylı risklərdən qorumağa imkan verir və dəymiş zərərləri qarşılayır. Aqrar Sığorta Fondu Goranboy rayonundan olan fermer və təsərrüfatlara zərər ödənişləri həyata keçirib.

Goranboy rayonunun Balkürd kəndində fermer Feyzulla Nəbiyevə 2 baş iribuynuzlu heyvanın yoluxucu xəstəlikdən tələf olmasına görə 11 250 manat ödəniş edilib. Eyni zamanda rayonun Muzdurlar kəndində fəaliyyət göstərən «Türk Qida Sənaye» MMC-yə 6 baş iribuynuzlu heyvanın yoluxucu xəstəlikdən tələf olmasına görə 34 020 manat ödəniş edilib.

Xatırladaq ki, aqrar sığorta mexanizmi vasitəsilə heyvandarlıq təsərrüfatlarını – inək, camış, qoyun və keçiləri sığortalamaq mümkündür. Aqrar sığorta yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmə, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və təbii fəlakətlər nəticəsində dəyən zərərləri qarşılayır. Sığorta ödənişi alan fermer və təsərrüfat nümayəndəsi aqrar sığorta ödənişindən olduqca razı qaldıqlarını bildirib, digər fermerləri də dövlətin bu sərfəli sığorta imkanından istifadə edərək təsərrüfatlarını qorumağa çağırıblar.

Xatırladaq ki, aqrar sığorta dövlət güzəşti ilə təqdim edilir – yəni fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısını dövlət ödəyir. Nəticədə 1000 manatlıq iribuynuzlu heyvanın sığortası fermerə cəmi 24 manata, 300 manatlıq qoyun və keçinin sığortası isə cəmi 7 manata başa gəlir.

Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.