25 iyun 2026 22:36
93

Bakı islamofobiya ilə mübarizədə daim prinsipial və ardıcıl mövqe sərgiləyir - ŞƏRH

Azərbaycan müstəqilliyinin bərpasından sonra, 35 il bundan əvvəl üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və onun Parlament İttifaqı çərçivəsində keçirilən tədbirlərdə daim fəal iştirak edərək İslam həmrəyliyinin, parlamentlərarası əməkdaşlığın və üzv dövlətlər arasında çoxşaxəli əlaqələrin inkişafına mühüm töhfələr verib. Öz növbəsində İƏT Azərbaycanın haqq işinə, suverenliyinə və ərazi bütövlüyünə daim dəstək verib,  bu məsələdə qətiyyətli mövqe nümayiş etdirərək Ermənistanın işğal siyasətini qınayıb, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini alqışlayan qətnamə və bəyanatlar qəbul edib. Həmçinin Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı İƏT Təmas Qrupu çərçivəsində fəal mövqe nümayiş etdirib.

İslamofobiya dövrümüzün narahatedici reallıqlarından biri, ayrı-seçkiliyin açıq təzahürüdür. Təəssüf ki, bir çox Qərb cəmiyyətlərində bu ayrı-seçkilik forması artıq normallaşır. Xüsusilə Fransa kimi ölkələrdə sekulyarizmin adı altında müsəlman icmalarının damğalanması ciddi narahatlıq doğurur. Eyni şəkildə Hindistanda dini millətçiliyin yüksəlişi nəticəsində müsəlmanlara qarşı artan təcrid və düşmənçilik müşahidə olunur. Bu gün islamofobiya təkcə müsəlmanlara qarşı yönəlmiş nifrət və ya qorxu deyil, həm də Qərbin Şərqə baxışını formalaşdıran və nəticədə müsəlmanlar barədə təhrif olunmuş təsəvvürlər yaradan ideoloji strukturdur.

Azərbaycan daim islamofobiya siyasəti ilə üzləşən, bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir. Torpaqlarımızın otuz illik işğalı dövründə xalqımıza qarşı Xocalı soyqırımı törədilib, etnik təmizləmə aparılıb   və bunun nəticəsi olaraq bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınıb.  İşğal dövründə dini, tarixi abidələr vandalizmə uğrayıb. Dövlətimizin başçısının bildrdiyi kimi, ərazilərimizdə milyona yaxın mina basdırılıb, urbisid, kultursid və ekosid cinayətləri törədilib. Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərimiz yerlə-yeksan edilib, eləcə də dini və mədəni irsimiz ciddi dağıntılara məruz qalıb, 67 məsciddən 65-inin məhv edilib. İndi işğaldan azad edlmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa proqramı çərçivəsində yüzlərlə tarixi, mədəni və dini abidə əsl simasına qaytarılır. Əfsuslar olsun ki, Qərbdə bəzi dairələr sırf dini təəssübkeşlik və islamofob mövqedən çıxış edərək hərbi təcavüzün davam etdiyi 30 il ərzində Ermənistan tərəfindən torpaqlarımızın işğalına göz yummuş, münaqişənin əsl mahiyyətini təhrif etmiş, onu dini zəmində münaqişə kimi təqdim etməyə çalışmışlar.

Bakı islamofobiya ilə mübarizədə daim prinsipial və ardıcıl mövqe sərgiləyir. Azərbaycan daim islamofobiyanı qlobal təhlükə hesab edərək İslam dəyərlərinə və müsəlmanlara qarşı ayrı-seçkiliyin, nifrət çağırışlarının və dini təhqirlərin qəbuledilməz olduğunu vurğulayır. Dövlətimiz bu problemlə mübarizəyə beynəlxalq diqqətin artırılmasına çalışıb, bəzi Qərb siyasi dairələrinin, eləcə də Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təşkilatların İslamı ekstremizm və terrorizmlə eyniləşdirməyə yönəlmiş qərəzli yanaşmalarını haqlı olaraq tənqid edib. Prezident İlham Əliyev iyunun 24-də Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciətində bildirib: “İslamofobiya ilə mübarizəyə beynəlxalq diqqətin daha da artırılması məqsədilə ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfranslar təşkil edilir. İslamofobiyanın narahatedici şəkildə getdikcə yayıldığı bir dövrdə Azərbaycanın bu konfranslara ev sahibliyi etməsi dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi və dinimizlə bağlı stereotiplərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir. Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilmişdir”.

Ölkəmiz daim İslam dəyərlərinin, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi diqqət yetirərək İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edib, İslam dünyasının mədəni və iqtisadi əməkdaşlığının gücləndirilməsinə böyük töhfələr verib. İslam sivilizasiyasının zəngin mədəni-mənəvi irsini təcəssüm etdirən Bakı, Naxçıvan və Şuşa şəhərləri müxtəlif illərdə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. 2017-ci ildə Azərbaycanda elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində 54 ölkənin iştirakı ilə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. 2026-cı il iyunun 18-də Bakıda müsəlman ölkələrinin dayanıqlı rifahı naminə regional inteqrasiya mövzusuna həsr olunmuş İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları uğurla təşkil edilib. Bir məqamı da qeyd edək ki, 2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək. Ölkəmiz İƏT-in Sədrliyini üzərinə götürərək üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi və dayanıqlı, inklüziv inkişaf naminə birgə səylərin artırılması istiqamətində var gücü ilə çalışaraq İslam həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfələr verəcək.

Zahid Rza, “İki sahil”