26 iyun 2026 10:43
97

Azərbaycan beynəlxalq gənclər əməkdaşlığının təşviqinə daim önəm verib

Əhalisinin təxminən 22,5 %-ni gənclərin təşkil etdiyi Azərbaycanda gənclərə investisiya qoyuluşu dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

“İki sahil” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu iclasında açılış nitqi zamanı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin təhsil, sahibkarlıq, innovasiya, könüllülük, idman və beynəlxalq əməkdaşlıq sahələrində iştirakını genişləndirməyə yönəlmiş ardıcıl və əhatəli siyasət həyata keçirilir: "Azərbaycan beynəlxalq gənclər əməkdaşlığının təşviqinə daim xüsusi önəm verib. Azərbaycanda dialoqu, təcrübə mübadiləsini və ümumi çağırışlara birgə həll yollarının tapılmasını təşviq edən çoxsaylı beynəlxalq gənclər tədbirləri və təşəbbüsləri təşkil olunub".

Nazir qeyd edib ki, qlobal problemlərin həllində də gənclərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır.

"Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində gənclər iqlim fəaliyyəti, yaşıl inkişaf və dayanıqlı inkişaf məsələlərinə dair müzakirələrdə fəal iştirak ediblər. Eyni zamanda, Dünya Şəhərsalma Forumu gənclərin daha inklüziv, dayanıqlı və davamlı şəhərlərin formalaşdırılmasına töhfə verməsi üçün mühüm platformaya çevrilib. Bu təcrübə bir daha göstərir ki, gənclər yalnız həllərin icrasında deyil, onların hazırlanması və formalaşdırılması prosesində də iştirak etməlidirlər".