29 iyun 2026 15:45
87

Agentliyin sədri Elnur Bağırov Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib

Agentliyin sədri Elnur Bağırov Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib.

“İki sahil” xəbər verir ki, konfransda çıxışı zamanı Agentlik sədri rəqabət siyasətinin dayanıqlı iqtisadi inkişafın təmin edilməsində rolu, Azərbaycanın bu sahədə təcrübəsi, əldə edilmiş nəticələr və rəqabətin təşviqi istiqamətində regional əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Özbəkistanın Daşkənd şəhərində keçirilən “Qlobal qeyri-müəyyənlik kontekstində davamlı iqtisadi inkişafın təşviq edilməsində rəqabət siyasəti tədbirlərinin rolu” adlı beynəlxalq konfransda iştirak edib.

Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda Agentlik sədri Elnur Bağırov “Rəqabət siyasəti davamlı iqtisadi inkişafın aparıcı qüvvəsi kimi” mövzusunda çıxış edib. Çıxış zamanı rəqabət siyasətinin dayanıqlı iqtisadi artım, innovasiyaların təşviqi və iqtisadi dayanıqlılığın gücləndirilməsində mühüm rolu vurğulanıb. Rəqabət Məcəlləsinin tətbiqi nəticəsində əldə olunan nəticələr, antiinhisar, iqtisadi təmərküzləşmələr, haqsız rəqabət və təbii inhisar sahələrində həyata keçirilən nəzarət tədbirləri ilə bağlı Azərbaycanın təcrübəsi diqqətə çatdırılıb. Bundan əlavə, Türk Dövlətləri Təşkilatı çərçivəsində regional əməkdaşlığın rəqabət siyasətinin effektivliyinin artırılması və dayanıqlı iqtisadi inkişafın təşviqinə mühüm töhfə verdiyi qeyd olunub.

Mövzu ətrafında həmçinin Almaniyanın İnhisar Komissiyasının Baş katibi Mark Batay, Türkiyə Rəqabət Qurumunun vitse-prezidenti Hakan Bilir və Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinin sədr müavini Fərrux Qarabayev çıxış edərək öz təcrübələrini bölüşüblər.

Tədbir “Dayanıqlı iqtisadi artımın təmin edilməsində və qlobal qeyri-müəyyənliklərə effektiv cavabın verilməsində rəqabət siyasətinin rolu: qabacıl beynəlxalq təcrübə” və “İqtisadiyyatın strateji bazarları və sektorlarında rəqabətin təmin olunmasının aktual məsələləri və praktiki mexanizmləri” adlı panel müzakirələri ilə davam etdirilib.